Sual: Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş qeyri-rezidentin daimi nümayəndəliyi Azərbaycan Respublikasında qeyri-rezidenti təmsil edir və daimi nümayəndəliyin hesablaşma hesabına qeyri-rezident tərəfindən ödənilən pul vəsaitləri yalnız Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçündür və bundan başqa hesablaşma hesabına heç bir pul vəsaitləri daxil olmur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda verilən sualı cavablandırmağınızı xahiş edirik: Qeyri rezident tərəfindən Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin xərclərinin (əmək haqqı xərcləri, icarə xərcləri, kommunal xərclər və s.) qarşılanması üçün ödənilən pul vəsaitləri bilavasitə daimi nümayəndəliyin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi qiymətləndirilirmi?
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Cavab: Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır.
Xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin fəaliyyəti üzrə əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadıqda onun mənfəəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin, əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq konkret halda Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği, Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği və ya Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı meyarlarından biri qəbul edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış şərti üsulla müəyyən edilir.
Eyni zamanda, nümayəndəlik tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcmi 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda onun Vergi Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq məcburi ƏDV qeydiyyatına alınmasına dair öhdəliyi yaranır. Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 14-cü, 83.9-cu, 104.2-ci, 108-ci, 130.1-ci, 155.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”.
Mənbə: taxes.gov.az