» » » Banklararası xidmət haqları aşağı salınır

Banklararası xidmət haqları aşağı salınır

posted in: Xidmət, Xəbər | 0
birbank biznes

Kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən «Banklararası Kart Mərkəzi» yaradılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir. Bununla bağlı həyata keçirilən sistemli islahatların nəticəsi kimi, emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin ölkə daxilində həyata keçirilməsi, ölkədaxili kart əməliyyatları üzrə banklararası xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsi, kart infrastrukturu istifadəçilərinin xərclərinin aşağı salınması imkanının yaradılması məqsədilə AMB tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) yaradılmışdır.

AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti addım kimi, BKM üzərindən ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə “interçeync”in (banklararası qarşılıqlı xidmət haqlarının) aşağı salınması üçün Azərbaycan Banklar Assosiasiyasının, kart-prosessinq mərkəzlərinin və bankların nümayəndələri ilə qarşılıqlı müzakirələr aparılmış və ümümi razılığa gəlinmişdir. İnterçeync – banklararası ödəniş kartları ilə əməliyyatların qəbulu üzrə ödənilən qarşılıqlı xidmət haqqıdır. Satış əməliyyatları üzrə təsərrüfat subyektinə xidmət göstərən bank tərəfindən ödəniş kartı sahibinin bankına ödənilən xidmət haqqının əsas komponentini təşkil edir. Ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılan kart əməliyyatları üzrə tətbiq edilən interçeyncin aşağı salınması nağdsız ödənişlərdə təsərrüfat subyektlərinin xərclərinin azalmasına, bununla da nağdsız ödənişlərə maraqların artmasına və nağdsız dövriyyənin genişləndirilməsinə təkan verir.

Qarşılıqlı razılığa əsasən, interçeync premial olmayan (Visa Electron, Visa Classic və Maestro, Debit MasterCard Standart və MasterCard Standart) ödəniş kartı məhsulları üzrə bazarın tələbinə uyğun olaraq dəyişdirilmişdir. Mobil telefon haqları üzrə interçeync 26% azaldılaraq 1%, ərzaq mağazaları və supermarketlər üzrə 61% azaldılaraq 0,5%, aptek və dərman məhsulları üzrə 78% azaldılaraq 0,3%, avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri üçün 78,5% azaldılaraq 0,3%, e-ticarət əməliyyatları üzrə 16% azaldılaraq 1,3% həcmində, nəqliyyat və dövlət ödənişləri üzrə isə 0,1% səviyyəsində müəyyənləşdirilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.