» » » Balıqçılıq məhsullarına ƏDV tətbiqi: sahibkarlar nəyi bilməlidir?

Balıqçılıq məhsullarına ƏDV tətbiqi: sahibkarlar nəyi bilməlidir?

posted in: Xəbər | 0

2026-cı ildən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklər balıqçılıq sektorunda fəaliyyət göstərən sahibkarlar üçün mühüm yeniliklər yaradıb. “Business Service Center” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə mütəxəssisi Vüsal Bayramlı 2026-cı il üçün qüvvədə olan Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən balıq məhsulları üzrə ƏDV hesablanması qaydalarını izah edib. 

Qanunvericiliyə edilən əlavələrə əsasən, balıqçılıq fəaliyyəti kənd təsərrüfatı fəaliyyətinə bərabər tutulur. Bunun nəticəsində balıq məhsullarının satışı üzrə ƏDV hesablanması mexanizmi dəyişib.

Xüsusilə:

• balıq yetişdirən təsərrüfatlar,

• balıq istehsalçıları,

• topdan və pərakəndə satış müəssisələri,

• emal və idxal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq edilir.

Balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı fəaliyyəti hesab olunması

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə edilən dəyişikliklərə əsasən:

Balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti hesab edilir.

Eyni zamanda:

• diri balıq,

• soyudulmuş balıq,

• dondurulmuş balıq,

• kəsilmiş, lakin emal olunmamış balıq məhsulları

kənd təsərrüfatı məhsulu hesab olunur.

Bu dəyişiklik balıqçılıq sektoruna kənd təsərrüfatı üçün nəzərdə tutulmuş vergi güzəştlərinin tətbiqinə imkan yaradır.

ƏDV-dən azadolma hansı hallarda tətbiq edilir?

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarını istehsal edən şəxslərin həmin məhsulların təqdim edilməsi üzrə əməliyyatları ƏDV-dən azaddır. Bu o deməkdir ki, əgər sahibkar balığı özü yetişdirirsə, məhsul onun öz istehsalıdırsa, məhsul emal edilməyibsə, onda həmin məhsulun satışı zamanı ƏDV hesablanmır.

Misal 1: “Xəzər Fish” MMC (ad şərtidir) 2026-cı ildə özü yetişdirdiyi balığın satışından 80.000 manat gəlir əldə edib. Əvvəlki qaydalara əsasən 2025-ci ildə müəssisənin 14.400 manat ƏDV öhdəliyi yaranırdı:

80000 x 18% = 14.400 manat.

Lakin 2026-cı ildən müəssisə kənd təsərrüfatı məhsulu istehsalçısı hesab olunur. Balıq məhsulu öz istehsalıdır və məhsul emal edilməyib. Nəticədə ona ƏDV hesablanmır. Yəni, müəssisə bu ildən 14.400 manat əlavə vergi yükündən azad olur.

Topdan və pərakəndə satış zamanı ƏDV necə hesablanır?

Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV bütün satış məbləğindən deyil, yalnız ticarət əlavəsindən hesablanır. Ticarət əlavəsi aşağıdakı qayda ilə müəyyən edilir:

Ticarət əlavəsi = Satış qiyməti – Alış qiyməti

ƏDV isə yalnız həmin fərq üzərindən hesablanır. Yəni, sahibkar məhsulun ümumi satış məbləğinə deyil, qazanc hissəsinə ƏDV hesablayır.

Misal 2: “Dəniz Market” MMC (ad şərtidir) balığı istehsalçıdan 1.000 manata alıb və mağazada 1.300 manata satılıb. Bu zaman ticarət əlavəsi belə hesablanır:

1300 – 1000 = 300 manat.

ƏDV məhz həmin 300 manat məbləğə görə hesablanır:

300 x 18% = 54 manat.

Deməli, mağazanın həmin balıq məhsuluna görə büdcəyə ödəniləcək ƏDV məbləği 54 manat olacaq. Bu dəyişiklik sahibkarın vergi yükünü əhəmiyyətli dərəcədə azaldır.

Emal olunmuş balıq məhsullarına görə vergi

Qanunvericiliyə əsasən bütün balıq məhsulları güzəştdən istifadə edə bilmir.

Əgər balıq məhsulları konservləşdirilibsə, hisə verilibsə, marinad olunubsa, duzlanıbsa, texnoloji emaldan keçibsə, həmin məhsul kənd təsərrüfatı məhsulu hesab edilmir. Bu halda həmin məhsulların satışına ƏDV ümumi qaydada tətbiq olunur və 18% ƏDV bütün satış məbləğindən hesablanır.

Misal 3: Şirkət hisə verilmiş balığı 40 manata satır. Həmin məhsula görə ödəyəcəyi ƏDV məbləği belə hesablanır:

40 x 18% = 7.20 manat.

Çünki məhsul emal olunmuş məhsul hesab edilir və güzəşt tətbiq olunmur.

Balıq kürüsü üzrə ƏDV necə tətbiq edilir?

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, balıqçılıq fəaliyyəti kənd təsərrüfatı fəaliyyəti hesab edilsə də, bu güzəştlər balıq kürüsünə şamil edilmir. Bu səbəbdən qara kürü, qırmızı kürü, digər balıq kürüsü məhsulları kənd təsərrüfatı məhsulu hesab edilmir və Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində nəzərdə tutulan ƏDV güzəştindən yararlana bilmir. Nəticə etibarilə balıq kürüsünün satışı ümumi qaydada 18% dərəcə ilə ƏDV-yə cəlb olunur.

Misal 4: Şirkət 1 banka qara kürünü 250 manata satır. Həmin məhsula görə ödəyəcəyi ƏDV məbləği belə hesablanır:

250 x 18% = 45 manat.

Yəni, məhsul üzrə 45 manat ƏDV yaranır.

Beləliklə, 2026-cı ildən etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər balıqçılıq sektorunda ƏDV hesablanması mexanizmini əhəmiyyətli dərəcədə dəyişib.

Yeni qaydalara əsasən:

• balıqçılıq fəaliyyəti kənd təsərrüfatı fəaliyyəti hesab olunur;

• öz istehsalı olan balıq məhsullarının satışı ƏDV-dən azaddır;

• topdan və pərakəndə satış zamanı ƏDV yalnız ticarət əlavəsindən hesablanır;

• emal olunmuş balıq məhsulları və balıq kürüsü isə ümumi qaydada 18% ƏDV-yə cəlb olunur.

Bu dəyişikliklər həm sahibkarların vergi yükünün azalmasına, həm də balıqçılıq sektorunun inkişafına müsbət təsir göstərir.

Mənbə: vergiler.az

ƏDV depozit hesabından DSMF ödənişləri ilə bağlı yenilik

error: Content is protected !!