» » » Balıq və balıq məhsulları ilə bağlı ƏDV qaydası dəyişib

Balıq və balıq məhsulları ilə bağlı ƏDV qaydası dəyişib

posted in: Xəbər | 0

2026-cı ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklər biri də balıq və balıq məhsullarının satışı zamanı ƏDV-nin hesablanması ilə bağlıdır. Yeniliyi “Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə qrup rəhbəri Təbriz Məmmədli şərh edir.

2026-cı ildən balıq və balıq məhsulları ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib. Artıq balıqçılıq fəaliyyəti (balıq kürüsünün istehsalı və emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla) kənd təsərrüfatı fəaliyyəti kimi qəbul olunur. Eyni zamanda, kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları da kənd təsərrüfatı məhsullarına bərabər tutulur. Bu isə həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün ƏDV üzrə müəyyən güzəşt fürsətləri yaradır.

Bildiyimiz kimi, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azad edilib. Balıqçılıq fəaliyyəti də 2026-cı ildən kənd təsərrüfatı fəaliyyətinə aid edildiyi üçün həmin istehsalçılar tərəfindən istehsal olunan balıq məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.

Misal 1

“Farel” MMC balıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektidir. Müəssisənin istehsal etdiyi balıq məhsullarının satışı üzrə 2025-ci ildə 10.000 manat, 2026-cı ildə isə 20.000 manat dövriyyəsi olub. Qeyd olunan illər üzrə ƏDV məbləğini hesablayaq:

Biznes hesabi

2025-ci il üzrə: 10.000 x 18% = 1.800 manat;
2026-cı il üzrə: ƏDV-dən azaddır.

Vergi Məcəlləsində edilmiş dəyişikiliklərlə vergi güzəştlərindən biri də Məcəllənin 153.3-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanmasıdır. Balıq məhsullarının satışı zamanı ƏDV satış qiymətindən deyil, ticarət əlavəsindən, yəni satış qiyməti ilə alış qiyməti arasındakı fərqdən hesablanacaq.

Lakin bir məqamı unutmayaq ki, qeyd edilən güzəşt kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və həmin bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı isə müvafiq olaraq elektron qaimə-faktura və nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirildiyi halda tətbiq edilir. Məhsulların alışı və ya satışı bu qaydada rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanacaq.

Misal 2

“Çupra” MMC balıq məhsullarının topdan satışı ilə məşğul olan təsərrüfat subyektidir. 2026-cı ilin yanvar ayı ərzində 10.000 manat dəyərində balıq məhsullarını elektron qaimə-faktura əsasında digər təsərrüfat subyektindən əldə edərək 12.000 manata elektron qaimə-faktura əsasında alıcıya satıb. Bu zaman yanvar ayı üzrə ƏDV aşağıdakı qaydada hesablanacaq:

Ticarət əlavəsi – 12.000 – 10.000 = 2.000 manat;
ƏDV məbləği – 2.000 x 18% = 360 manat.

Lakin alış və ya satış qüvvədə olan qanunvericiliyə uyğun aparılmadığı halda, ƏDV aşağıdakı qaydada hesablanacaq:
ƏDV = 12.000 x 18% = 2.160 manat.

Mənbə: vergiler.az

Sığorta haqqına uyğun müavinət, proaktiv təyinat, yeni məbləğlər