» » » «Asan imza» istifadəçi ID-sini necə dəyişdirməli?

«Asan imza» istifadəçi ID-sini necə dəyişdirməli?

posted in: Xəbər | 0
birbank biznes

Bu ilin noyabr ayının 1-nə vergi ödəyicilərinə ümumilikdə 384.246 «Asan imza» sertifikatı verilib.

2013- cü ilin may ayından etibarən istifadəyə verilən «Asan imza» ölkəmizdə mövcud qanunvericiliyin bütün tələblərinə uyğun gələn yeganə mobil elektron imza hesab edilir. Bu imza vasitəsilə hazırda elektron vergi bəyannamələrinin təqdim olunması, gömrük xidmə- tində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı və s. həyata keçirilir.

Bu ilin əvvəlindən Vergilər Nazirliyi tərəfindən “Asan imza istifadəçi ID-sinin dəyişdirilməsi” elektron xidməti istifadəyə verilib. Xidmətin icrası istifadəçinin “Asan imza” vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq, 3-5 dəqiqə ərzində həyata keçirilir. İstifadəçi tərəfindən təsdiqlənmiş ID-nin dəyişdirilməsi barədə məlumat internet və ya Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Asan Sertifikat Xidməti Mərkəzinin (ASXM) məlumat bazasına göndərilir.

“Asan imza” istifadəçi ID-sinin dəyişdirilməsi üçün istifadəçi asanimza.az internet səhifəsindən yüklənmiş Asan-Doc proqram təminatında istifadəçi dəyişdirilməsi üçün mövcud istifadəçi ID-sini və yeni istifadəçi ID-sini müvafiq xanalara qeyd etməli və mobil telefonda PİN 1 daxil etməklə əməliyyatı təsdiqləməlidir. Əməliyyatın sonunda istifadəçi ID-sinin müvəffəqiyyətlə dəyişdirilməsi barədə məlumat ekranda əks olunacaq. İstifadəçi Çağrı Mərkəzinə müraciət etməklə xidmətdən istifadə etdikdə istifadəçi ASXM tərəfindən təqdim edilmiş istifadəçi ID-sini dəyişdirmək istədiyini bildirməli, daha sonra ondan soruşulan “Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsini və yeni istifadəçi ID-si məlumatını bildirməlidir. Bundan sonra istifadəçiyə mövcud və yeni təqdim olunan istifadəçi ID-si barədə SMS göndəriləcək. İstifadəçi SMS-lə tanış olduqdan sonra Çağrı Mərkəzinin təmsilçisinə razılığını bildirməli, mobil telefonda yoxlama kodunu təsdiqləməli və “Asan imza” PİN 2 kodunu daxil etməklə imzalamalıdır. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin “Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsinə ID-nin dəyişdirilməsi barədə SMS göndəriləcək. Həmçinin istifadənin İnternet Vergi İdarəsində elektron qutusu olduğu halda, “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndəriləcək. İstifadəçinin ID-sinin dəyişdirilməsi əməliyyatı istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə dəyişiklik aparılacaq.

“Asan imza”nın bağlı olduğu mobil telefon nömrəsi səhv bildirilərsə, mobil nömrədə “Asan imza” xidməti aktiv olmazsa, istifadəçinin “Asan imza” sahibi olmadığı müəyyən edilərsə, yeni istifadəçi ID-si dəqiq bildirilməzsə, xidmət yekunlaşdırılmadan əlaqə kəsilərsə bu zaman istifadəçi ID-sinin dəyişdirilməsindən imtina ediləcək. İstifadəçi Çağrı Mərkəzinə müraciət etdikdə və sorğunun qəbulundan imtina üçün əsas olmadıqda yeni istifadəçi ID-si Çağrı Mərkəzinin təmsilçisi tərəfindən qəbul olunacaq.

Qeyd edək ki, xidmətin göstərilməsi üçün heç bir ödəniş və ya sənəd tələb olunmur, sadəcə, istifadəçi “Asan imza”ya malik olmalıdır.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.