» » » Aksizli malların üzərində vergi nəzarəti

Aksizli malların üzərində vergi nəzarəti

posted in: Vergi | 0
birbank biznes
Aksizli malların üzərində vergi nəzarəti

Vergi orqanları aksizli malların markalanmasına nəzarəti ödəyicilərin müvafiq binalarında nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla və digər tədbirlər görməklə həyata keçirir.

Plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yolverilməsinə, eləcə də hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanun pozuntusuna yol vermiş şəxslərə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:

  • aksizli məhsulların (malların) aksiz markası olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə həmin məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər 150 manatdan 250 manatadək miqdarda, vəzifəli şəxslər 300 manatdan 500 manatadək miqdarda, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək miqdarda cərimə edilir;
  • aksizli məhsulların (malların) aksiz markası olmadan xeyli miqdarda, yəni 500 manatdan 2000 manatadək olan məbləğdə satışı, satış məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • eyni əməllər külli miqdarda, yəni 2000 manatdan yuxarı olan məbləğdə, təkrarən və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır;
  • pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1.000 manatadək olan məbləğdə satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda, yəni 50 manatdan 1.000 manatadək olan məbləğdə alma 1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllər külli miqdarda, yəni 1.000 manatdan yuxarı olan məbləğdə törədildikdə 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.