» » » Aksiz vergisinin vergitutma obyekti

Aksiz vergisinin vergitutma obyekti

posted in: Vergi | 0
birbank biznes

Aksiz bir neçə mərhələdə ödənilə bilər. Məsələn, əgər vergi ödəyicisi hər hansı bir aksizli malı digər aksizli malların istehsalında xammal və material olaraq istifadə etmək üçün əldə etmişsə, Vergi Məcəlləsinə əsasən o, aksizi həm xammal və materialı alarkən, həm də bu xammal və materialdan istifadə edərək digər bir aksizli malı istehsal edərkən ödəyir. Bu zaman həmin vergi ödəyicisi xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək hüququna malikdir. Bir şərtlə ki, vergi ödəyicisi aksizin ödənilməsini təsdiqləyən hesab-fakturanı, xammal və materiallar idxal edildikdə isə müvafiq sənədləri vergi orqanlarına təqdim etmiş olsun.

Vergi Məcəlləsinə və beynəlxalq təcrübəyə uyğun olaraq aksizin yığılması bir neçə mərhələdən ibarətdir. Bu mərhələləri aqreqasiya olunmuş şəkildə aşağıdakı kimi ifadə etmək olar.

1-ci mərhələ:
Qeydiyyat və lisenziya.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə aksizin ödəyicilərinin xüsusi qeydiyyat proseduru nəzərdə tutulmamışdır. Bunun beynəlxalq təcrübəyə tam uyğun gəlməsinə baxmayaraq bəzi ölkələrdə aksizli malların bütün istehsalçıları və idxalçıları vergi orqanlarında xüsusi qeydiyyata alınırlar.

Bu cür qeydiyyatın Azərbaycanda həyata keçirilməməsinin başlıca səbəbi Vergi Məcəlləsinin müvafiq olaraq əlavə dəyər vergisinin ödəyicilərinin xüsusi reyestrinin aparılması və aksizli malların istehsalçılarının da avtomatik olaraq əlavə dəyər vergisinin ödəyiciləri sayılmasıdır. Eyni zamanda sadələşdirilmiş vergi bölməsində də bir daha qeyd edilir ki, aksizli mallar istehsal edən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri ola bilməzlər. Deməli, ƏDV reyestrində uçota alınanların bir daha başqa reyestrə salınmasına ehtiyac qalmır.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı üçün mövcud mühiti yaxşılaşdırmaq və bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarını daha da təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar», «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onu verən icra hakimiyyəti orqanlarının siyahısı» təsdiq edilmişdir.

Qaydaların təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Alkoqollu içkilər və etil (yeyinti) spirtinin istehsalının və idxalının tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2007-ci il tarixli 534 saylı, 18 oktyabr 2007-ci il tarixli 638 saylı Fərmanları qəbul edilmiş, 2002-ci il 2 sentyabr tarixli 782 saylı Fərmanına 13 noyabr 2007-ci il tarixində əlavə və dəyişikliklər edilmişdir. Aksizli malların istehsalçılarına və idxalçılarına Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən lisenziya verilir. Lisenziya alkoqollu içkilərin və etil (yeyinti) spirtinin istehsalı üçün 3 il, idxalı üçün isə 1 il müddətinə verilir. Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin istehsalı və idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər müvafiq məlumatları (hesabatları) ayda bir dəfə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir.

Spirtli içki və tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olan şəxslər yerli icra hakimiyyəti orqanlarından lisenziya alırlar.

Neft məhsullarının pərakəndə satışı isə lisenziyalaşdırılmır.

2-ci mərhələ:
Aksiz ödəyicilərinin müəyyənləşdirilməsi.

Aksizin ödəyicisinin aydınlaşdırılması da vergitutma məsələləri baxımından mühüm əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir.

Göründüyü kimi, formal olaraq aksizin ödəyiciləri aksizli əmtəəni istehsal edən və ya satan vergi ödəyiciləridir. Əslində isə həmin əmtəənin istehlakçıları aksizin ödəyiciləridir.

Beynəlxalq təcrübəyə əsasən aksiz sisteminin tətbiqi üzrə bir sıra tövsiyələrə əməl olunması məqsədəmüvafiq hesab olunur. Həmin tövsiyələrə aşağıdakılar daxildir:

  • kiçik qrup və həm də vergitutma üçün nisbətən asan olan məhsullarla məhdudlaşdırılması;
  • bu qrupa daxil olan hər bir məhsul növünə tətbiq olunan aksizin vahid dərəcəsinin olması;
  • aksizin tutulmasından güzəşt və azadolmaların minimumlaşdırılması
3-cü mərhələ:
Aksiz üzrə vergi öhdəliyinin yaranma vaxtı və vergi tutulan əməliyyatın vaxtı.

Vergi Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində istehsal olunan mallar üçün – malların istehsal binasının hüdudlarından kənara buraxıldığı vaxt aksiz üzrə vergi tutulan əməliyyatın vaxtı hesab olunur. Digər tərəfdən malların idxalı üçün – Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt vergi tutulan əməliyyatın vaxtıdır. Burada istehsal binalarına istehsalın olduğu ərazilərdə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.

4-cü mərhələ:
Aksizlər üzrə hesabat dövrü və aksizlərin ödənilməsi.

Vergi Məcəlləsinə əsasən aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir. Aksizli mallar idxal edildikdə isə aksiz gömrük orqanları tərəfindən gömrük rü-sumlarının tutulduğu qaydada tutulur.

Aksizli mallar üzərində vergi nəzarəti aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarını tətbiq etməklə, markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla, aksiz üzrə vergi hesab-fakturalarına nəzarət etməklə və digər tədbirlər həyata keçirilməklə aparırlar.

Aksiz markaları ilə markalanmalı olan aksizli malların siyahısını, aksiz markalarının yapışdırılması qaydalarını və markalanmalı olan aksizli malları istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında va ya anbarlarında (şəxsi istehlak üçün anbarlar istisna olmaqla) nəzarət postları, ölçü cihazları, plomblar qurmaqla vergi nəzarətinin həyata keçirilməsi qaydalarını Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiq edir.

Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və əgər bu hal baş verərsə, həmin mallar dövlət nəfınə müsadirə edilir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az