» » » Xarici valyuta əməliyyatlarında məzənnə fərqlərinin vergi uçotu

Xarici valyuta əməliyyatlarında məzənnə fərqlərinin vergi uçotu

posted in: Xəbər | 0

Vergi ödəyicilərini maraqlandıran və tətbiqi zamanı ən çox sual doğuran məqamlardan biri də xarici valyuta ilə aparılan əməliyyatlar zamanı yaranan məzənnə fərqlərinin vergi uçotunda necə nəzərə alınmasıdır. Xüsusilə ilin sonuna debitor və kreditor borcların yenidən qiymətləndirilməsi, avans ödənişləri zamanı məzənnə fərqinin yaranıb-yaranmaması, həmçinin ilin sonunda xarici valyutada olan pul vəsaitlərinin rəsmi məzənnə ilə yenidən qiymətləndirilməsi qaydaları vergi ödəyiciləri üçün xüsusi əhəmiyyət kəsb edir.

Qaydaları baş mühasib, təlimçi Elvin Məmmədov şərh edir.

Xarici valyutanın manatla hesablanması qaydaları Vergi Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilir. Məcəllənin 69.1-ci maddəsinə əsasən, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Vergi Məcəlləsinin 69.2-ci maddəsində isə göstərlib ki, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Mərkəzi Bankın elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə AMB-nin elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Biznes hesabi

Qeyd olunan maddələrin təhlilindən aydın olur ki, xarici valyuta ilə aparılan əməliyyatlar zamanı yaranan müsbət və ya mənfi məzənnə fərqləri vergi uçotu məqsədləri üçün gəlir və ya zərər kimi tanınmalıdır.

İndi isə bu maddələrin praktikada tətbiqinə müxtəlif ssenarilər üzərindən nəzər salaq. Qeyd edək ki, nümunələrdə AMB-nin rəsmi məzənnəsi nisbi olaraq göstərilib.

Misal 1: Müəssisə 14 may 2025-ci il tarixdə xarici təchizatçıdan 15.000 avro dəyərində xammal idxal edib, ödənişi 02 iyun 2025-ci il tarixdə təchizatçıya çatdırıb. Malın mədaxil edildiyi tarixlə borcun ödənildiyi tarix arasında məzənnə dəyişikliyi olub. Məzənnə dəyişiminin uçotda necə öz əksini tapdığına nəzər salaq:

1. Malların mədaxil edilməsi (əməliyyat tarixi) – 14.05.2025:

Məbləğ: 15.000 avro.

AMB-nin rəsmi məzənnəsi (14.05.2025): 1 avro = 1.8320 manat;

Uçota alınan borc (manatla): 15000 x 1.8320 = 27480 manat.

2. Borcun ödənilməsi (ödəniş tarixi) – 02.06.2025:

AMB-nın rəsmi məzənnəsi (02.06.2025): 1 avro = 1.8450 manat;

Faktiki ödənilən məbləğ (manatla): 15000 x 1.8450 = 27675 manat.

3. Məzənnə fərqinin hesablanması:

Hesablama: 27675 – 27480 = 195 manat.

Göründüyü kimi, müəssisənin bu əməliyyatdan 195 manat məbləğində mənfi məzənnə fərqi (zərəri) yaranıb.

Misal 2: “Alfa” MMC-nin bank hesabına 20 avqust 2025-ci il tarixdə xarici debitordan 8.000 ingilis funt-sterlinqi məbləğində ödəniş daxil olub və ilin sonuna kimi istifadə edilməyib. İlin sonuna (31 dekabr 2025-ci il tarixinə) həmin vəsaitin AMB-nin rəsmi məzənnəsi ilə yenidən qiymətləndirilməsi tələb olunur.

1. Ödənişin daxilolma tarixi – 20.08.2025;

Vəsait: 8.000 funt-sterlinq

AMB-nin rəsmi məzənnəsi (20.08.2025): 1 ingilis funt-sterlinqi = 2.2240 manat.

Manatla ilkin dəyər: 8000 x 2.2240 = 17.792 manat.

2. İlin sonuna yenidən qiymətləndirmə (31.12.2025):

AMB-nın rəsmi məzənnəsi (31.12.2025): 1 ingilis funt-sterlinqi = 2.2850 manat;

Manatla yeni dəyər: 8000 x 2.2850 = 18.280 manat.

3. Məzənnə fərqinin hesablanması:

18.280 – 17.792 = 488 manat.

Nümunədən göründüyü kimi, “Alfa” MMC-nin bu əməliyyat üzrə 488 manat məbləğində müsbət məzənnə fərqi (gəliri) yaranıb.

Misal 3: “Beta” MMC 15 noyabr 2025-ci il tarixdə xarici təchizatçıya malın alışı üçün 10.000 avro avans ödəyib. Malın müəssisəyə çatdırılması 10 fevral 2026-cı il tarixdə baş verib. Avans ödənişi zamanı yaranacaq məzənnə fərqinin uçotda necə öz əksini tapdığına nəzər salaq:

1. Avansın ödənilmə tarixi – 15.11.2025;

Ödənilən vəsait: 10.000 avro;

AMB-nin 15.11.2025 tarixə olan məzənnəsi: 1 avro = 1.8400 manat;

Uçotda əks etdirilmə: 10000 x 1.8400 = 18,400 manat.

2. İlin sonuna (31.12.2025) olan məzənnə dəyişikliyi bu avans ödənişinə tətbiq edilmir. Yəni 15 noyabr tarixində müəyyən edilən 18.400 manat məbləği balansda dəyişməz olaraq saxlanılır. İlin sonunda bu məbləğ üzrə hər hansı məzənnə fərqi yaradılmır.

3. Malın faktiki daxil olduğu tarixdə (10.02.2026) məzənnə fərqi müəyyən edilir.

10 fevral 2026-cı il tarixinə AMB-nın məzənnəsi: 1 avro = 1.9000 manat;

Malın həmin günə olan dəyəri: 10.000 x 1.9000 = 19.000 manat.

Məzənnə fərqinin hesablanması:

19.000 – 18.400 = 600 manat.

Nümunədən göründüyü kimi, “Beta” MMC-nin bu əməliyyat üzrə 600 manat məbləğində müsbət məzənnə fərqi (gəliri) yaranıb. Bu fərq malın faktiki gəliş tarixi ilə avansın ödənildiyi tarix arasındakı məzənnə fərqini əks etdirir.

Misal 4: Vergi ödəyicisi 20 noyabr 2025-ci il tarixdə 40.000 ingilis-funt sterlinqi məbləğində malı xarici tərəfdaşına təqdim edib. Xarici tərəfdaş 2025-ci ilin sonuna qədər hər hansı vəsait ödəməyib. Müəssisə 31 dekabr 2025-ci il tarixinə debitor borcları yenidən qiymətləndirir.

1. İlkin debitor borcun yaranma tarixi: 20.11.2025;

Borc məbləği: 40.000 ingilis funt-sterlinqi;

AMB-nin 20.11.2025 tarixə məzənnəsi: 1 ingilis funt-sterlinqi = 2.2500 manat;

Borcun manatla ilkin dəyəri: 40.000 x 2.2500 = 90.000 manat.

2. İlin sonuna qiymətləndirmə (31.12.2025):

AMB-nın 31.12.2025 tarixə məzənnəsi: 1 ingilis funt-sterlinqi = 2.2700 manat;

Borcun manatla yeni dəyəri: 40.000 x 2.2700 = 90.800 manat.

3. Məzənnə fərqinin hesablanması:

90.800 manat – 90.000 manat = 800 manat.

Nümunədən göründüyü kimi, vergi ödəyicisinin bu əməliyyat üzrə 800 manat məbləğində müsbət məzənnə fərqi (gəliri) yaranıb.

Misal 5. Müəssisə 10 oktyabr 2025-ci il tarixdə xarici təchizatçıdan 5.000 avro dəyərində mal alıb, lakin borc 2025-ci ilin sonuna qədər ödənilməyib. 31 dekabr 2025-ci il tarixinə borcun yenidən qiymətləndirilməsi zəruridir.

1. İlkin borcun yaranma tarixi: 10.10.2025;

Borc məbləği: 5.000 avro;

AMB-nin 10.10.2025 tarixə məzənnəsi: 1 avro = 1.8520 manat;

Borcun manatla ilkin dəyəri: 5.000 x 1.8520 = 9.260 manat.

2. İlin sonuna yenidən qiymətləndirmə tarixi: 31.12.2025;

AMB-nin 31.12.2025 tarixə məzənnəsi: 1 avro = 1.8850 manat;

Borcun manatla yeni dəyəri: 5.000 x 1.8850 = 9.425 manat.

3. Məzənnə fərqinin hesablanması:

9.425 – 9.260 = 165 manat.

Müəssisənin ödəməli olduğu kreditor borcunun manatla ifadəsində 165 manat artım müşahidə olunur. Bu artım müəssisə üçün 2025-ci ilin gəlirindən çıxılan mənfi məzənnə fərqi (zərər) kimi nəzərə alınır.

Misal 6. “Qamma” MMC-nin 31 dekabr 2025-ci il tarixdə xarici valyutada olan pul vəsaitləri aşağıdakı şəkildə olub:

1. Bankdakı ABŞ dolları hesabının qalığı: 3.500 ABŞ dolları;

AMB-nin 31 dekabr 2025-ci il tarixə məzənnəsi: 1 ABŞ dolları = 1.7000 manat;

İlin sonuna manatla ifadə: 3.500 x 1.7000 = 5.950 manat.

2. Bankdakı avro hesabının qalığı: 2.200 avro

AMB-nin 31 dekabr 2025-ci il tarixə məzənnəsi: 1 avro = 1.8540 manat;

İlin sonuna manatla ifadə: 2.200 x 1.8540 = 4.078.80 manat.

Qeyd etmək lazımdır ki, xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə AMB-nin elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla uçotda öz əksini tapmalıdır.

Yekun olaraq qeyd edək ki, hesablanmış məzənnə fərqləri bəyannamələrdə aşağıdakı şəkildə göstərilir:

Mənfəət vergisi bəyannaməsində əksolunma

– Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi:
Hesabat dövrünün gəlirləri bölməsində, 214-cü sətirdə öz əksini tapır.

– Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq:
Ümumi gəlirdən çıxılmalar bölməsində 219.3-cü sətirdə öz əksini tapır.

Gəlir vergisi bəyannaməsində əksolunma

– Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi:
Hesabat dövrünün gəlirləri bölməsində 1212-ci sətirdə öz əksini tapır.

– Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən ilin sonuna yaranan mənfi fərq:
Ümumi gəlirdən çıxılmalar bölməsində 1224.5-ci sətirdə öz əksini tapır.

Mənbə: vergiler.az

Hüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?

error: Content is protected !!