İstehsal-kommersiya fəaliyyəti prosesində müəssisələr arasında daimi olaraq təsərrüfat əlaqələri baş verir, müxtəlif məhsulların alışı və satışı əməliyyatları yerinə yetirilir. Məhsul (iş, xidmətin) satışından pul vəsaiti daxil olur. Malsatanlar daxil olmuş malların podratçılar tərəfindən yerinə-yetirilən iş və xidmətlərin dəyəri ödənilir.
Bunlardan başqa büdcə, bank, müxtəlif ictimai təşkilatlarla, müəssisənin işçi heyəti və digər hüquqi və fiziki şəxslərlə hesablaşma əməliyyatları aparılır. Müəssisələr arasında aparılan bütün əməliyyatlar pulun köməyi və iştirakı ilə yerinə yetirilir. Beləliklə pul vəsaiti müəssisənin fəaliyyətinin davamı etməsi və idarə olunmasında mühüm vasitə rolunu oynayır.
Müəssisə və təşkilatlar arasında aparılan hesablaşmalar iki formada: nağd və nağdsız qaydalarda həyata keçirilir.
Pul vəsaitinin saxlanması və müəssisələr arasında nağdsiz hesablaşmaların aparılması üçün hər bir müəssisənin yerləşdiyi ərazidə olan bankda ona hesablaşma hesabı və digər hesabları açılır.
Bank vasitəsilə aparılmış əməliyyatlar müəssisələr arasındakı hesablaşmalar sistemində ən vacib forma hesab olunur. Hesablaşmanın bu forması ilə müəssisələr arasında bağlanmış müqavilələr əsasında aparılan alqı-satqı əməliyyatlarının və bütün təsərrüfat əməliyyatları ilə əlaqədar olan hesablaşmalar yerinə yetirilir.
Azərbaycan Respublikasında mövcud olan qaydalara görə mülkiyyət formasından asılı olmayaraq dövlət, kooperativ, səhmdar, kollektiv, birgə, ictimai, xüsusi mülkiyyətli formalı və digər müəssisələr, təşkilatlar və idarələr öz pul vəsaitlərini bank idarələrində saxlamalıdırlar.
Müəssisələr cari hesablaşmaları aparmaq və işçi heyətinə əmək haqqının ödənilməsi üçün nəğd pul vəsaitini özlərinə məxsus kassaya gətirirlər. Müəssisələr kassalarında nağd pulu təsdiq edilmiş limit həddində saxlaya bilərlər.
Müəssisələrdə hesablaşma əməliyyatlarının faydalı və məqsədəuyğun təşkili pul vəsaitləri üzrə əməliyyatların, hesablaşma və kredit əməliyyatlarının aparılması səviyyəsindən xeyli asılıdır.