Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Pərakəndə ticarət fəaliyyətini fərqləndirən xüsusiyyət aşağıdakılardır:
1) Pərakəndə ticarət fəaliyyəti zamanı mallar son istehlak məqsədilə təqdim edilir, həmin malların alıcısı onu sahibkarlıq fəaliyyəti üçün istifadə etməməlidir.
2) Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər, bir şərtlə ki, ardıcıl 12 ayda dövriyyələri 200.000 manatı keçməsin. Əgər qeyd edilən dövriyyə keçilərsə, fiziki və hüquqi şəxslər öz statusları müqabilində, gəlir və mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də məcburi olaraq ƏDV ödəyicisi olurlar.
Qeyd edək ki, 12 aylıq dövriyyə 200.000 manatdan aşağı olduğu halda da pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər könüllü ƏDV qeydiyyatına müraciət etmək imkanına malikdirlər.
3) Aşağıdakı istisnalar nəzərə alınmaqla, pərakəndə ticarətlə məşğul olanlar mütləq nağd pul hesablaşmalarını elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməlidirlər:
- qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
- səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəalıyyəti;
- qiymətli kağızların, lotereya biletlərinin, idman biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı;
- elektrik enerjisi, qaz, su, istisu təchizatı və mərkəzi obyektlərinin fəaliyyəti.
4) Sadələşdirilmiş verginin ödəyicisi olan pərakəndə ticarət həyata keçirən vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalar müəyyən olmalıdır.
Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq, pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.
Misal 1: Pərakəndə satışla məşğul olan fiziki və ya hüquqi şəxsin 2020-ci ilin I rübü ərzində göstərdiyi sahibkarlıq fəaliyyəti ilə bağlı təqdim etdiyi malların ümumi məbləği 42.000 manatdır. Vergi ödəyicisi rüb ərzində cəmi 7.800 manatlıq malı digər vergi ödəyicilərinə elektron qaimə-fakura ilə təqdim edib:
(7800 : 42000) x 100% = 18,57%.
Elektron qaimə-faktura ilə təqdim edilən malların xüsusi çəkisi 18,57 faiz olduğu üçün vergi ödəyicisi gəlir (mənfəət) vergisi ödəyicisinə çevrilmir, sadələşdirilmiş verginin ödəyicisi kimi 2 faiz dərəcəsi ilə vergi ödəyir.
Bəs hansı halda pərakəndə ticarət zamanı anbardan malların təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq olunmur?
Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqdim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi məbləğində maliyyə sanksiyası tətbiq edilir.
1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə həmin Məcəllənin 58.13-cü maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyasının tətbiqi zamanı elektron ticarət qaydasında anbardan malların təqdim edilməsi istisna hal kimi nəzərə alınır. Beləliklə, Vergi Məcəlləsinin 58.13-cü maddəsində maliyyə sanksiyasının tətbiq ediləcəyi əməliyyatlar içərisində elektron ticarət qaydasında satılan malların pərakəndə satış obyektlərinə məxsus anbarlardan təqdim olunması istisna edilib.
Misal 2: Vergi ödəyicisi ətir məhsullarının ənənəvi pərakəndə satışı ilə yanaşı, onlayn satışını da həyata keçirir, elektron ticarət qaydasında sifarişləri qəbul edərək malların anbardan birbaşa vətəndaşa təqdim olunmasını həyata keçirir. Bu halda malların anbardan təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilməyəcək.
Mənbə: vergiler.az