» » » İşçinin iş yerinə və işəgötürənə vurduğu ziyana görə məsuliyyəti

İşçinin iş yerinə və işəgötürənə vurduğu ziyana görə məsuliyyəti

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 10-cu maddəsində işçilərin əmək müqaviləsi üzrə əsas vəzifələri yer alıb. Onlardan biri də işçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımasıdır. Bu məsuliyyətin nədən ibarət olması və ziyanın hansı formada ödənilməsi ilə bağlı suallara əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir. 

Maddi məsuliyyət – işçinin təqsiri və hüquqazidd hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyana görə əvəzin qanunvericiliyə uyğun şəkildə ödənilmə vəzifəsidir.

İşəgötürənin Əmək Məcəlləsinin 11-ci maddəsində təsbit edilmiş əsas hüquqlarından biri də işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görməkdir. Göründüyü kimi, işçinin iş yerinə, işəgötürənə vurduğu ziyana görə məsuliyyəti qanunvericiliklə müəyyən edilib. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:

a) Ziyanın həqiqətən vurulduğu aşkar olduqda;

Biznes hesabi

b) Təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;

c) Təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır:

a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda;

b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;

c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;

ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda;

d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda;

e) işəgötürənin kommersiya sirrini yaydıqda;

ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Həmin maddənin 2-ci bəndində göstərilib ki, ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.

Həmçinin, işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktiki ziyandan əlavə, işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər.

Ziyanın məbləğinin işçidən tutulması qaydası

Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən, əməkhaqqından tutulmalara yol verilən hallardan biri də odur ki, işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği qədər tutulma edilə bilər.

Məcəllənin 198-ci maddəsində isə göstərilib ki, tam maddi məsuliyyət daşıdığı hallardan başqa, qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əməkhaqqı məbləğinədək maddi məsuliyyət daşıyır.

Əmək Məcəlləsinin 205-ci maddəsinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əməkhaqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

İşçi zərəri ödəməkdən imtina edərsə…

Əgər işçinin tam maddi məsuliyyət daşıdığı hallarda işəgötürənə vurulan ziyanın məbləği onun orta aylıq əməkhaqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda, o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri aşağıdakı kimi olur:
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq, müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.
2. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.

Mənbə: vergiler.az

Vəfat etmiş döyüşçülərin övladlarına vergi güzəşti nə vaxt verilir?