» » » İcbari tibbi müayinənin nəticəsi ilə bağlı hansı halda işçi işdən kənarlaşdırılır?

İcbari tibbi müayinənin nəticəsi ilə bağlı hansı halda işçi işdən kənarlaşdırılır?

posted in: Xəbər | 0

Әmək Məcəlləsində ən çox dəyişikliklərə məruz qalan maddələrdən biri də işçinin işdən kənar edilməsini nəzərdə tutan 62-ci maddədir. Bəs işdən kənar edilmə nədir və hansı hallarda baş verir?

Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Maddədə edilmiş dəyişikliklər haqqında məlumat verməzdən əvvəl qeyd etmək istərdik ki, Әmək Məcəlləsindəki son dəyişikliklərin izahı zamanı bəzi media subyektləri işçinin işdən kənarlaşdırılmasını onun əmək müqaviləsinə xitam verilməsi kimi təqdim ediblər. Halbuki işəgötürən yalnız Әmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda işçini müvəqqəti olaraq işdən kənarlaşdırmaq hüququna malikdir.

Әmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonradan isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Әmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “b” bəndinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinədən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə işçinin işdən kənarlaşdırılmasına yol verilir.

Biznes hesabi

Təcrübədə işçinin icbari tibbi müayinəsi zamanı, – ilkin və ya dövri müayinələr aparılarkən, – tibbi əks göstərişlər aşkar edilə bilər. Bu halda işçinin işdən kənarlaşdırması zamanı hansı əsas tətbiq edilməlidir?

Qeyd olunan boşluğun aradan qaldırılması məqsədilə Әmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “b” bəndinə “habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə” sözləri əlavə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası” və “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat təsdiq edilib. “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın 3-cü bəndində qeyd olunur ki, ilkin və dövri müayinələr zamanı aşağıdakı tibbi əks göstərişlər aşkar edildikdə şəxslər işə buraxılmırlar:

– Orqan vә sistemlәrin davamlı, qabarıq funksiya pozuntusu ilә müşayiәt olunan anadangәlmә inkişaf qüsurları, deformasiyalar vә xromosom anomaliyaları;

– Xarici amillәrin tәsiri nәticәsindә mәrkәzi vә periferik sinir sisteminin, daxili orqanların, sümük-әzәlә sistemi vә birlәşdirici toxumaların zәdәlәnmәsi ilә bağlı qabarıq funksiya pozuntuları vә geridönmәz inkişaf dәyişikliklәri;

– Mәrkәzi sinir sisteminin müxtәlif etiologiyalı, qabarıq ifadә olunmuş xәstәliklәri (hәrәki, hissi, koordinasiya, statik, koqnitiv vә amnestikintellektual pozuntularla);

– Narkolepsiya vә katapleksiya;

– Şüur pozuntuları ilә müşayiәt olunan xәstәliklәr, epilepsiya vә epileptik sindrom, sinkopal sindrom;

– Ağır, davamlı vә tez-tez fәsadlaşan, psixonevroloji müәssisәdә dinamik müşahidәsi tәlәb olunan psixi xәstәliklәr;

– Əhval-ruhiyyәnin qabarıq dәyişikliklәri, nevrotik dәyişikliklәr, stres vә somatik formalı şәxsiyyәt pozuntuları (bu hallarda işә yararlılıq mәsәlәsi terapevtin iştirakı ilә ixtisaslaşmış hәkim komissiyası tәrәfindәn fәrdi qaydada hәll edilir);

– Alkoqolizm, toksikomaniya vә narkomaniya;

– Endokrin sistemin proqressivlәşәn xәstәliklәri vә digәr orqan vә sistemlәrin 3-4-cü dәrәcәli funksiya pozuntuları;

– Bәdxassәli yenitörәmәlәr;

– Qan vә qanyaradıcı orqanların proqressivlәşәn vә tez-tez residivlәşәn xәstәliklәri;

– Hipertoniya xәstәliyi (II mәrhәlә, 3-cü dәrәcә, IV risk qrupu);

– Qan dövranı çatışmazlığı ilә müşayiәt olunan ürәyin vә perikardın xroniki xәstәliklәri;

– Ürәyin işemik xәstәliyi, stenokardiya (III–IV funksional sinif) – ürәyin keçirici sisteminin ağır pozuntuları.

Sonda bir məqamı qeyd edək ki, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlərin aşkar olunması özlüyündə əmək müqaviləsinə xitam üçün əsas hesab edilmir. Әmək müqaviləsinə xitam verilməsi üçün işçinin orqanizm funksiyalarının pozulması ilə bağlı hallar baş verməlidir. Bu zaman Әmək Məcəlləsinin 74-cü maddəsinin tələbləri gözlənilməklə əmək müqaviləsinə xitam verilməsi mümkündür.

Eyni zamanda, işəgötürənin işçi ilə əmək müqaviləsi bağlayarkən Әmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndini (işçinin səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışmasının onun sağlamlığı üçün təhlükəli olması barədə tibb müəssisəsinin rəyinə əsasən) tətbiq etməsi də mümkündür. Әgər icbari tibbi müayinə nəticəsində verilmiş tibbi rəy həm əmək funksiyasının yerinə yetirilməsinə əks göstərişləri, həm də müvafiq vəzifədə çalışmanın işçinin sağlamlığı üçün təhlükəli olduğunu təsdiq edərsə, bu halda əmək müqaviləsinə həmin əsasla xitam verilə bilər.

Mənbə: vergiler.az

Azərbaycanda sığorta yığımları 1 milyard manatı keçdi