Son illər Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafında dövlət–özəl sektor tərəfdaşlığının rolu daha da güclənib. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari vergi sahəsində 2026-cı ildən tətbiq olunmağa başlanan yeniliklərin qida istehsalçılarına necə təsir göstərəcəyini şərh edib.
E.Dostiyari Vergi Məcəlləsinə dəyişikliklərin ictimai iaşə sektorunda vergi yükünün optimallaşdırılması və nağdsız ödənişlərin stimullaşdırılması baxımından müsbət dəyişikliklər yaradacağı qənaətindədir. O, 3 mühüm üstünlükdən söz açıb.
Assosiasiya sədrinin sözlərinə görə, ictimai iaşə sektorunda sadələşdirilmiş vergi dərəcəsinin 8%-dən 6%-ə endirilməsi sektor üzrə sadələşdirilmiş vergi ödəyicilərinə birbaşa müsbət təsir edəcək yenilikdir. Dəyişikliklər sayəsində sahibkarların gəlirləri və pul axını yaxşılaşacaq. E.Dostiyarinin dediklərindən aydın olur ki, aşağı dərəcə və nağdsız stimullar marjanı artıra, bu da özlüyündə avadanlıq yenilənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və yeni iş yerlərinə sərmayə üçün real imkanlar yarada bilər.
Assosiasiya sədri ƏDV qeydiyyat limitinin 200 min manatdan 400 min manata çatdırılmasının KOB-lar üçün üstünlük yaradacağını bildirərək, əlavə edib ki, bu dəyişiklik inzibati və uçot yükünün azalmasına və maliyyə likvidliyinin güclənməsinə şərait yaradan əsas amildir. ƏDV qeydiyyatı həddinin 400 min manata qaldırılması sahibkarlara uçot–hesabat yükünü yüngülləşdirməyə və resursları daha çox genişlənməyə yönəltməyə imkan verəcək.
Digər tərəfdən, ictimai iaşə sektorunda POS-terminal vasitəsilə həyata keçirilən nağdsız dövriyyənin 50%-nin ƏDV bazasından çıxılması nağdsız ödənişlərin təşviqinə və faktiki vergi yükünün azalmasına şərait yaradır. POS/CRM ödənişlərinin geniş vüsət alması kölgədə qalan dövriyyəni azalda, real vergi bazasını böyüdə və sağlam rəqabət mühitində satışların artmasına gətirib çıxara bilər. E.Dostiyari vurğulayıb ki, bu yenilik və ictimai iaşədə sadələşdirilmiş verginin 6%-ə endirilməsi xərclərin azalmasına, əməliyyat gəlirliliyinin isə yüksəlməsinə xidmət edəcək. Dəyişikliklər, eyni zamanda, rəqabət və faydalı əməliyyatları da gücləndirir.
Bir sözlə, son dəyişikliklər ictimai iaşə sektorunda vergi yükünü azaltmaqla nağdsız ödəniş infrastrukturunu gücləndirməyə xidmət edir ki, bu da dayanıqlı biznes mühitinin formalaşması üçün vacib amillərdən biridir.
Mənbə: vergiler.az
