Artıq çoxdan sübut olunub ki, qlobal biznes mühitində uğurun açarı təkcə yeni ideyalar yaratmaqda deyil, həm də bu ideyaları doğru modellə paylaşmaq bacarığındadır. Məhz bu məqamda françayzinq anlayışı ön plana çıxır — yəni tanınmış bir brendin təcrübə, idarəetmə sistemi və reputasiyasının digər sahibkarlara ötürülməsi prosesi. Beləliklə, sahibkar sıfırdan marka yaratmaq əvəzinə, artıq özünü sübut etmiş bir biznes modeli tətbiq etmək şansı qazanır. Bu isə ona bazara daha sürətli daxil olmaq, beynəlxalq təcrübəyə çıxış əldə etmək, güclü marketinq dəstəyinə malik olmaq və eyni zamanda risklərini minimuma endirmək imkanı verir.
Son illər Azərbaycanda da bu sistemə maraq ciddi şəkildə artmaqdadır. Xüsusilə rəqəmsallaşma, logistika və xidmət sektorunun genişlənməsi françayzinq bazarının canlanmasına təkan verib. İndiki zamanda yerli sahibkarlar üçün bu model sadəcə xarici brendlərlə əməkdaşlıq vasitəsi deyil, həm də dayanıqlı inkişaf strategiyasına çevrilməkdədir.
Qlobal tendensiyalar fonunda maraqlı sual yaranır: Azərbaycanda françayzinq bazarının mövcud durumu və inkişaf istiqamətləri hansılardır? Məsələ ilə bağlı Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov ilə həmsöhbət olub.
Yeri gəlmişkən, 2022-ci ildə yaradılmış AFA-nın tərkibinə 120 şirkət daxildir. Assosiasiyaya Azərbaycanla yanaşı, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanı təmsil edən şirkətlər daxildir. Qurumun əsas məqsədi sahibkarlara françayzinq alışında hüquqi yardım göstərməkdir.
– Camid müəllim, hazırda qlobal miqyasda françayzinq sahəsində hansı əsas dəyişikliklər və yeni meyillər müşahidə olunur?
– Dünya miqyasında françayzinq sahəsində yeni qlobal tendensiyalara keçid baş verir. Daha dəqiq desək, ənənəvi françayzinq modelindən innovativ və texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur. Texnoloji inkişaf bu sahənin dinamikasını dəyişir və artıq rəqəmsal modellərin françayzinqinin verilməsi real imkan kimi ortaya çıxır. Məqsədimiz ölkəmizdə yaradılan startap və fintex layihələrinin də françayzinq potensialını formalaşdırmaqdır. Beləliklə, biz texnologiyanı klassik françayzinq anlayışı ilə birləşdirərək, sahənin inkişafında yeni bir mərhələ açmaq niyyətindəyik.
Dünya miqyasında ənənəvi françayzinq modelindən innovativ və
texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur
– Bəs texnoloji transformasiya françayzinq bazarını necə dəyişir?
– Sirr deyil ki, ənənəvi ticarətdən sürətlə onlayn ticarətə keçid edirik. Artıq dünyaca məşhur “Amazon”, “Alibaba” kimi elektron ticarət platformalarında hər bir markanın özünün françayzinqini alaraq əlavə mağazalar açmaq mümkündür. Məsələn, deyək ki, hər hansı bir geyim markasının ənənəvi françayzinqini alır və bu zaman françayzinqi alıb Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirdik. Amma indi bu markanın françayzinqini alıb onlayn satış şəbəkəsində də fəaliyyət göstərmək əlçatandır. Koronavirus pandemiyası məsafədən xidmətlər və elektron ticarətin daha çox populyarlaşmasına səbəb oldu. Əvvəllər ən xırda bank əməliyyatı üçün filiallara getmək məcburiyyətində qalırdıqsa, indi bu prosesləri saniyələr içində ağıllı telefonumuzla edə bilirik. Artıq banklar da bu texnoloji inkişafdan geri qalmamaq üçün öz mobil tətbiqlərini genişləndirməklə məşğuldurlar. Bu sahədə daha cəlbedici fintex həlləri yaranarsa, gələcəkdə bunun françayzinqinin ixracı üçün şanslar da yaranır.
– Ölkəmizdə françayzinqin ən sürətlə inkişaf etdiyi sahələr hansılardır?
– Avrasiya regionunda və ölkəmizdə françayzinq bazarında, xüsusilə, restoran və geyim sektorları dinamik böyümə ilə diqqət çəkir. Biznes baxımından bu sahələrdə françayzinq alışı sahibkarlar üçün daha sərfəlidir. Məsələn, əgər bir markanız varsa və onu özünüz inkişaf etdirmək istəyirsinizsə, marketinq, PR və bazarda mövqelənmə üçün davamlı aksiyalar keçirməlisiniz. Bu halda cəmi 3–5 mağaza aça bilərsiniz. Amma françayzinq modelindən istifadə etdikdə vəziyyət tam fərqli olur. Bu sistem sayəsində eyni brend il ərzində 100-ə qədər mağaza və restoran aça, bazarda sürətlə tanına bilər. Üstəlik, artıq formalaşmış brendin reputasiyası əlavə marketinq xərclərini də azaldır. Hesab edirəm ki, françayzinq biznesin ən sürətli və effektiv böyümə modelidir. Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq bazara daxil olmaq bu gün daha cəlbedici görünür.
Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq
bazara daxil olmaq bu gün daha cəlbedici görünür
– Bizim bazarın əsas tələbləri nədir? Sahibkarların davranışları bazarı necə şəkilləndirir?
– Azərbaycanda françayzinqin inkişaf mərhələsi hələ yeni başlayır. Assosiasiyamız 2022-ci ildə fəaliyyətə başladığı dövrdə françayzinqin mahiyyətini və üstünlüklərini bilənlərin sayı çox az idi. Yerli bazarda sahibkarların davranışlarına nəzər salsaq, onların əksəriyyətinin qısa müddətdə yüksək gəlir əldə etməyə fokuslandığını görərik. Bu isə uzunmüddətli investisiyalara marağın nisbətən zəif olması deməkdir. Deyərdim ki, belə şəraitdə françayzinq sahibkarlar üçün ən optimal alət rolunu oynayır. Çünki bu model sayəsində onlar sıfırdan marka yaratmaq, tanıtmaq və bazara daxil olmaq kimi çətin və vaxt aparan mərhələlərdən azad olurlar. Üstəlik, tanınmış brendin reputasiyası, oturuşmuş marketinq sistemi və mövcud müştəri bazası sahibkarın işini asanlaşdırır. Beləliklə, françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını təmin edən optimal bir modeldir.
Françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını
təmin edən optimal bir modeldir
– Assosiasiya hazırda françayzinq alan sahibkarlara hansı konkret dəstək mexanizmlərini təqdim edir?
– Biz ölkədə fəaliyyət göstərən françayzinq şirkətləri ilə səmərəli əməkdaşlıq qurmuşuq. Hazırda françayzinq alan sahibkarların işini asanlaşdıracaq bir sıra layihələr üzərində çalışırıq. Məsələn, müqavilə şərtlərinin yerli bazara uyğunlaşdırılması və yumşaldılması istiqamətində sahibkarlara ciddi dəstək göstəririk. Təəssüf ki, bəzən xarici markalar yerli bazara daxil olduqdan qısa müddət sonra fəaliyyətini dayandırır. Bu da çox vaxt yerli biznes nümayəndələrinin müqavilə öhdəliklərini tam yerinə yetirməməsindən qaynaqlanır. Biz belə halların qarşısını almaq və xarici markaların uyğun şərtlərlə bazara daxil olmasını təmin etmək üçün fəal şəkildə çalışırıq. Xarici şirkətlərlə danışıqlar zamanı müqavilə şərtlərinin ölkə reallıqlarına uyğunlaşdırılması məsələsini hər zaman qabardırıq. Çünki bazarın özünəməxsus xüsusiyyətləri var və bu, müqavilə maddələrində də əksini tapmalıdır. Digər tərəfdən, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə ilkin razılıq əldə olunub. Müvafiq müqavilə imzalandıqdan sonra françayzinq almaq istəyən sahibkarların güzəştli şərtlərlə kreditlərdən yararlanması da mümkün olacaq. Bu o deməkdir ki, Fondun prioritet istiqamətlərinə daxil olan sahələr üzrə françayzinq alan şəxslər artıq daha əlçatan şərtlərlə sahibkarlıq krediti əldə edə biləcəklər. Ən önəmlisi isə odur ki, bu kreditlər aşağı faiz dərəcələri ilə təqdim ediləcək.
Bir sözlə, Azərbaycanın inkişafda olan françayzinq bazarında qarşıdakı ildən etibarən ciddi yeniliklər gözlənilir. Əminəm ki, 2026-cı il ölkəmizdə françayzinqin inkişaf ili olacaq və bu sahə tamamilə yeni mərhələyə qədəm qoyacaq.
Mənbə: vergiler.az

