Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək müqaviləsində mütləq göstərilməli olan məlumatlar və şərtlər əksini tapıb. Ancaq bəzən müqavilə bağlandıqdan bir müddət sonra əmək münasibətlərinin bəzi şərtlərinin qeyd olunmadığı üzə çıxır. Bəs bu halda şərtlərin əmək müqaviləsinə əlavə edilməsi necə tənzimlənir?
Suala insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir.
Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsində əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər və məlumatlar qeyd edilib. Həmin maddənin tələbinə görə, əmək müqaviləsində aşağıda qeyd olunan şərtlər və məlumatlar göstərilməlidir:
- İşçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN);
- İşəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvan, fərdi identifikasiya nömrəsi (FİN);
- Əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi);
- Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
- Əmək müqaviləsinin müddəti;
- İşçinin əmək funksiyası;
- İşçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əməkhaqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;
- Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
- İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;
- Əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN);
- Tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmçinin, Məcəllənin 46-cı maddəsinin 5-ci hissəsində göstərilib ki, 43-cü maddənin 2-ci hissəsində qeyd olunan şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib olunması tələbi qoyula bilər.
Qeyd olunmayan şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq, bağlandığı gündən etibarlı hesab olunur. Həmin funksionallıq Əmək və Məşğulluq Altsistemində (ƏMAS) də mövcuddur.
Yuxarıda qeyd olunanları misallarla izah edək:
Misal 1
Fərz edək ki, 01.02.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin staja görə 2 gün əlavə məzuniyyəti əmək müqaviləsinə daxil edilməyib. Bu hal 05.05.2025-ci il tarixdə aşkar olunub (işçi və ya işəgötürən tərəfindən). Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 05.05.2025-ci il tarixdə əlavə məzuniyyət günlərini əmək müqaviləsinə daxil etməlidir. Həmin işçinin staja görə əlavə məzuniyyət hüququ əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.02.2025-ci il tarixdən yaranır.
Misal 2
Tutaq ki, 01.04.2025-ci il tarixdə işçi ilə əmək müqaviləsi bağlanılıb. İşçinin alacağı əməkhaqqı üzrə şərtlər qeyd olunarkən ağır və zərərli əməyə görə nəzərdə tutulan artım (əmsal) göstərilməyib. Bu hal 14.04.2025-ci il tarixdə aşkar edilib. Aşkar olunmuş halı işəgötürən və ya insan resursları üzrə mütəxəssis dərhal aradan qaldırmaq üçün 14.04.2025-ci il tarixdə ağır və zərərli əməyə gözə nəzərdə tutulan artımı (əmsal) əmək müqaviləsinə daxil etməlidir. Həmin artım (əmsal) əmək müqaviləsinin bağlandığı gündən, yəni 01.04.2025-ci il tarixdən nəzərə alınmalıdır.
Mənbə: vergiler.az