2026-cı ildən etibarən vergi nəzarətində beynəlxalq təcrübədə geniş istifadə olunan üfüqi monitorinq mexanizminin tətbiqi vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Üfüqi monitorinq iştirakçılarına əsas vəsaitlər üzrə amortizasiyanın azalan qalıq və ya düz xətt metodu ilə hesablanması seçimi verilir. Bəs bu zaman hesablamalar necə aparılacaq? Keçid necə tənzimlənəcək?
B suallara vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi 2026” adlı tədbirdə aydınlıq gətirilib. Onun sözlərinə görə, üfüqi monitorinqə qəbul olunan vergi ödəyiciləri amortizasiya hesablamaları üçün həm düz xətt metodunu, həm də azalan qalıq metodunu tətbiq edə bilərlər: “Üfüqi monitorinqə qəbul edilmiş vergi ödəyicisinin mütləq düz xətt metodu, yaxud mütləq azalan qalıq metodu tətbiq etməsi kimi bir tələb yoxdur. Bu onların seçimindən asılıdır. Bilirik ki, indiyədək bütün vergi ödəyiciləri amortizasiyaların hesablanması zamanı azalan qalıq metodunu tətbiq edirdilər. Yalnız qeyri-maddi aktivlər üzrə düz xətt metodu tətbiq olunurdu. Artıq bu hal digər əsas vəsaitlərə də şamil ediləcək”.
X.Feyzullayev yeni qaydalarla amortizasiya hesablamalarını nümunə əsasında belə izah edib: “Hesab edək ki, vergi ödəyicisi 2023-cü ildə əmlaka sahib olub. Məsələn, bir nəqliyyat vasitəsi alıb və 2023-cü ildən bəri azalan qalıq metodu ilə amortizasiyaları hesablayır. Tutaq ki, 2026-cı ilin sonuna vergi ödəyicisinin həmin nəqliyyat vasitəsinə görə müəyyən bir qalığı yaranıb. Məsələn, nəqliyyat vasitəsi 2023-cü ildə 10.000 manata alınıb və əsas vəsait kimi amortizasiya olunub. Bu zaman ilin sonuna bu şəxsin 5.000 manat qalığı qalıb. Belə olan halda, həmin şəxs keçid dövründə olan qalıq dəyəri, yəni 5.000 manatı onun qalıq müddətinə bölərək düz xətt metodu ilə sabit şəkildə amortizasiya edə biləcək. Fərz edək ki, nəqliyyat vasitəsinin amortizasiya müddəti 11 ildir. 2023-cü ildən 2026-cı ilə qədər artıq 3 il müddət keçdiyinə görə, dövrün sonuna qalıq dəyəri olan 5.000 manatı 8 ilə bölməklə düz xətt metodu ilə hesablama apara bilərlər:
5.000 : 8 = 625 manat”.
Mənbə: vergiler.az
