» » » Bu xidmətləri göstərən şəxslər cərimələnə bilər?

Bu xidmətləri göstərən şəxslər cərimələnə bilər?

posted in: Xəbər | 0

cinayət yolu ilə əldə edilmiş pul vəsaitləriCinayət qanunvericiliyinə görə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, müvafiq cinayət məsuliyyətinə səbəb olur. Bu norma baxımından leqallaşdırma dedikdə:

  • cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi;
  • cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi başa düşülür.

Bu əməlin törədilməsi halında isə şəxsin barəsində 4-8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 2-5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunsuz leqallaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanunvericiliklə konkret tələblər müəyyən edilmişdir ki, bu tələblər monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər üçün məcburi xarakter daşıyır.

Belə ki, monitorinqdə iştirak edən həmin şəxslər tərəfindən müvafiq əməliyyatların həyata keçirilməsi zamanı tələblərə riayət edilməməsi;

  • vəzifəli şəxslər barəsində 1500-2500 manatadək məbləğdə,
  • hüquqi şəxslər barəsində 15 min – 25 min manatadək məbləğdə cərimə tətbiq edilməsi ilə nəticələnir.

Qanunsuz leqallaşdırma ilə bağlı tələblərə riayət etməli olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə aşağıdakı şəxslər aid edilir.

Monitorinq iştirakçıları:

  • kredit təşkilatları;
  • sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;
  • investisiya şirkətləri;
  • lizinq xidmətləri göstərən hüquqi şəxslər;
  • pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar;
  • lombardlar;
  • investisiya fondları və bu fondların idarəçiləri
  • öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi və ya dini təşkilat
  • valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər.

Monitorinqdə iştirak edən digər şəxslər

  • Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər,
  • daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər,
  • lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları,
  • vəkillər,
  • notariuslar,
  • hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri,
  • auditor xidmətləri göstərən şəxslər

Bu şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı aşağıdakı tədbirlər həyata keçirilməlidir:

  • monitorinq;
  • monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin hazırlanması və tətbiq edilməsi;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılmasının qadağan olunması;
  • Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə müəyyən edilmiş digər tədbirlər.

Ölkədən çıxarıla bilən milli və xarici valyuta


Məbləğindən asılı olmayaraq, aşağıdakı pul vəsaitləri və ya digər əmlak, onlarla əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumatlar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur.

  • pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;
  • Siyahısı müəyyən edilmiş dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatlar;
  • xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatları
  • Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi.
  • terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar.

Monitorinq iştirakçıları aşağıda göstərilən hallarda müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası üçün tədbirlər görməlidir:

  • işgüzar münasibətlər yaradılmasından əvvəl;
  • 15 min manat məbləğində (limit) və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
  • məbləğindən asılı olmayaraq, hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;
  • pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;
  • müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr olduqda.

Monitorinqdə iştirak edən digər şəxslər tərəfindən aşağıdakı əməliyyatlar həyata keçirildikdə də mütləq qaydada eyniləşdirmə və verifikasiya tədbirləri həyata keçirilməlidir.

  • qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorları 15 min manat məbləğdə nağd əməliyyatlar apardıqda;
  • daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatları həyata keçirdikdə;

Notariuslar, vəkillər, hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri, auditor xidmətləri göstərən şəxslər aşağıdakı əməliyyatları həyata keçirdikdə də bu tədbirləri həyata keçirməlidir.

  • daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar əməliyyatlar;
  • müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması ilə əlaqədar əməliyyatlar;
  • müştərinin bank və ya qiymətli kağız hesablarının idarə olunması ilə əlaqədar əməliyyatlar;
  • hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanılmasının təşkil olunması, habelə hüquqi şəxslərin alqı-satqısı ilə əlaqədar əməliyyatlar.

Onu da qeyd edək ki, bu əməliyyatlarla bağlı sənədlər üçün 5 illik saxlanma tələbi mövcuddur. Həmçinin mövzu çərçivəsində qeyd etmək lazımdır ki, fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə, hüquqi şəxsin eyniləşdirilməsi isə onun nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti əsasında həyata keçirilir.