2017-ci ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: muhasibat, Vergi, Xəbər | 0

2017-ci ilin may ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini, 
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini, 
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və 
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsini cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2017-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvarın 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2-ci rüb üzrə bəyannaməni iyulun 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-c ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2-ci rüb üzrə bəyannamə iyulun 20-dən gec olmayaraq təqdim edilməlidir).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

İşçilərin işdən çıxarılma qaydaları dəyişdirildi

posted in: muhasibat, Xəbər | 0

Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq.

Bu, Əmək Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsində qeyd edilib.

Əmək Məcəlləsinin hazırki variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin “B” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir.

Yeni layihəyə görə isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.

Layihəyə görə, işçinin 1 ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı 2 təqvim həftəsi əvvəl, stajı 1 ildən 5 ilədək olduqda azı 4 təqvim həftəsi əvvəl, stajı 1 ildən 10 ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı 10 ildən çox olduqda azı 9 təqvim həftəsi əvvəl edilməlidir.

Bundan başqa, məcəllənin hazırkı variantına görə, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti verilir, işçilərə işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.

Yeni layihəyə görə isə işdən çıxarma müavinətləri də ödənilərkən işçinin stajı nəzərə alınacaq.

İşçinin 1 ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək.

Yeni layihəyə görə, işçiyə işəgötürən tərəfindən xəbərdarlıq əvəzinə ödənişin verilməsi zamanı da staj nəzərə alınacaq.

Bu layihəyə görə, işəgötürən işçinin razılığı ilə məcəllənin 70-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödəniş etməklə müqaviləyə xitam verə bilər.

Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə isə işəgötürən müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə məcəllənin 70-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq, azaldılır.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767) aşağıdakı dəyişikliklər edilsin:

1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”

2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində “Müddətli” sözü “Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.

3. 77-ci maddə üzrə:
3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”;
3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;
3.4. 5-ci hissə ləğv edilsin;
3.5. 6-cı hissədə “işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, “üçüncü” sözündən sonra “, dördüncü” sözü əlavə edilsin.

İYUN AYININ VERGİ TƏQVİMİ

posted in: muhasibat, Vergi, Xəbər | 0

İYUN

B.e Ç.a. Ç. C.a. C. Ş B.
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30

 

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə yaşıl rənglə qeyd edilmişdir. Həmin gün istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Ödənilən vergi:

20 iyun – «(1-1)», «(1-2)», «3», «4», «7», «8», «(9-1)», «10.1» və «10.3».

 

«(1-1)» Gəlir vergisi (xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür.

Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

(«1-2») – Gəlir vergisi (İdman mərc oyunları üzrə) İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır.

İdman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində vergini tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və “İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

«3» Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

«4» Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

«7»Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

«8»Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

(«9-1») – Sadələşdirilmiş vergi (Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə) – Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

«10.1» – Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi:

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

«10.3» – Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi:

Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Mülki Məcəlləyə əlavələr qüvvəyə minib

posted in: muhasibat, Xəbər | 0

Azərbaycanda mayın 20-dən Mülki Məcəlləyə əlavələr qüvvəyə minib. Onlar şirkətlərdə korporativ idarəetmə standartlarının təkmişlləşməsini nəzərdə tutur.

Məhdud məsuliyyətli cəmiyyətlərdə payçılara ümumi yığıncağın gündəliyinə əlavələr etmək hüququ verilib. MMC-lərdə Direktorlar Şurasının iclaslarının keçirilməsi məsələsi tənzimlənib. İştirakçı sayı 50 nəfərdən çox olan MMC-lərdə DŞ yanında audit komitəsinin yaradılması məcburidir. Səhmdar cəmiyyətlərdə də audit komitələri yaradılır.

Dəyişikliyə görə, törəmə və asılı cəmiyyətin əsas cəmiyyətin səhmlərini (paylarını) almaq hüququ yoxdur.

Məcəlləyə 91-1.4-cü, 91-1.5-ci və 91-1.6-cı maddələr əlavə edilib:

“91-1.4. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin), icra orqanının, şura üzvlərinin və nizamnamə ilə müəyyən edilə bilən digər şəxslərin tələbi ilə də direktorlar şurasının (müşahidə şurasının) iclası şuranın sədri tərəfindən çağırılır. Şuranın iclasının keçirilməsi qaydaları cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

91-1.5. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasında hər üzv bir səsə malik olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər bölünərsə, şuranın sədrinin səsi həlledici hesab edilir.

91-1.6. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) iclasının yerini, vaxtını, iştirakçılarını, gündəliyini, çıxışların xülasəsini, səsvermənin nəticələrini və qərarlarını əks etdirən protokol tərtib edilir. Həmin protokol şuranın sədri və üzvləri tərəfindən imzalanır.”

Bundan başqa Mülki Məcəlləyə aşağıdakı məzmunda 91-4-cü maddə əlavə edilib:

“Maddə 91-4. Məhdud məsuliyyətli cəmiyyətin audit komitəsi

91-4.1. İştirakçılarının sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda iştirakçıların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır.

91-4.2. Cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

91-4.3. Cəmiyyətin audit komitəsinin üzvlüyünə fiziki şəxslər seçilir. Cəmiyyətin digər idarəetmə orqanlarında təmsil olunan şəxslər və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməz.

91-4.4. Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin paylarının on faizindən artıq hissəsinə malik olan iştirakçıların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir.

91-4.5. Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.

91-4.6. Audit komitəsi direktorlar şurasına (müşahidə şurasına) tabedir.”.

99.2-ci maddə aşağıdakı redaksiyada verilib:

“99.2. Açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını, habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur:

99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri;

99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;

99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri;

99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;

99.2.5. idarəetmə strukturu;

99.2.6. inkişaf siyasəti;

99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

99.2.8. idarəetmə orqanlarının üzvlərinə verilən ödənişlər;

99.2.9. investisiyaların həcmi və mənbəyi;

99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;

99.2.11. ictimai layihələr.”.

104.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“104.2. Sadə (adi) və ya digər səsli səhmlərə sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada satın almaqda üstünlük hüququ vardır. Cəmiyyətin səhminin əlli faiz və daha çox hissəsini almaq istəyən şəxs səhmdarlara rəsmi qaydada müvafiq təklif təqdim edir.”.

106-1.3.4-cü maddədə “dəyişikliklərin edilməsini” sözlərindən sonra “və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını” sözləri əlavə edilib.

Aşağıdakı məzmunda 106-1.3.8-1 – 106-1.3.8-4-cü maddələr əlavə edilib:

“106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək;

106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək;

106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;

106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq.”.

10. 106-3.2-ci maddənin ikinci cümləsində “yaranır” sözündən sonra “və 30 (otuz) gün müddətində icra edilir” sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir.”.

11. 107.3-cü maddənin birinci cümləsinə “cəmiyyətdə” sözündən sonra “, habelə ictimai əhəmiyyətli qurumlarda” sözləri əlavə edilsin.

12. Aşağıdakı məzmunda 107-12-ci maddə əlavə edilsin:

“Maddə 107-12. Səhmdar cəmiyyətinin audit komitəsi

107-12.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə, habelə ictimai əhəmiyyətli qurumlarda daxili audit siyasətinin və strategiyasının hazırlanması, həyata keçirilməsi və auditor nəzarətinin təşkili üçün direktorlar şurası (müşahidə şurası) tərəfindən audit komitəsi yaradılır. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də audit komitəsi yaradılır.

107-12.2. Cəmiyyətin audit komitəsinin formalaşdırılması qaydaları, onun tərkibi və fəaliyyətinin qaydası qanunla və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir.

107-12.3. Cəmiyyətin audit komitəsinin üzvlüyünə fiziki şəxslər seçilir. Cəmiyyətin digər idarəetmə orqanlarında təmsil olunan və (və ya) cəmiyyətin səhmdarı olan şəxslər audit komitəsinin üzvü ola bilməz.

107-12.4. Cəmiyyətin fəaliyyətinin daxili auditi cəmiyyətin audit komitəsinin təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir.

107-12.5. Cəmiyyətin audit komitəsinin tələbi ilə cəmiyyətin bütün orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan sənədləri təqdim etməlidirlər.

107-12.6. Audit komitəsi cəmiyyətin direktorlar şurasına (müşahidə şurasına) tabedir.”.

Mənbə: fins.az