Xarici şirkətlər regionda iqtisadi mövcudluğunu təmin etmək məqsədi ilə respublikamızda nümayəndəlik və ya filial açaraq fəaliyyət göstərə bilərlər. Bəs Azərbaycanda filialın qeydiyyatı necə aparılır?
Hüquqi çərçivə
Azərbaycanda hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının hüquqi statusu AR Mülki Məcəlləsinin 53.1 və 53.2 maddələri ilə müəyyən edilib.
- Maddə 53.1: “Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.”
- Maddə 53.2: “Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.”
Göründüyü kimi nümayəndəliyin filialdan yeganə fərqi onun kommersiya fəaliyyəti ilə məşğul ola bilməməsidir. Xarici kommersiya hüquqi şəxslər nümayəndəlikdən yerli bazara daxil olmaq üçün araşdırmalar aparmaq və şirkətin qanuni maraqları qorumaq üçün istifadə edir.
Azərbaycanda nümayəndəlik və ya filialın qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununa uyğun aparılır.
Xarici şirkətlərin Azərbaycanda investisiya fəaliyyəti 22 iyun 2022-ci il tarixli №551-VIQ nömrəli “İnvestisiya fəaliyyəti haqqında” respublika qanunu ilə müəyyən edilib.
Azərbaycan qanunvericiliyi yerli və xarici şəxslərə (fiziki yaxud hüquqi) sahibkarlıq fəaliyyəti üçün eyni şərtlər müəyyən edir.
Azərbaycanda filialın qeydiyyatı
Nümayəndəlik yaxud filial şirkətin (yerli yaxud xarici-fərq etməz) bölmələridir və şirkət onların fəaliyyəti üçün hüquqi və maliyyə məsuliyyəti daşıyır. Onların Mülki Məcəllə ilə müəyyən edilmiş hüquqi statusu oxşar olduğu kimi, qeydiyyat prosesi də oxşardır. Odur ki, bu məqalədə hər iki təşkilati formanı nəzərdə tutan “filial” anlayışından istifadə ediləcək.
Addım1. Azərbaycanda filialın açılması
Yerli yaxud xarici kommersiya qurumları Azərbaycanda filial açmaq üçün aşağıdakı mərhələlərdən keçir:
- filialın əsasnaməsinin hazırlayır;
- filialın qeydiyyatı üçün sənədləri toplayır;
- qeydiyyat üçün müraciət edir;
- dövlət qeydiyyatını təsdiq edən sənədləri alır;
- qeydiyyatdan sonrakı işləri həyata keçirir.
Filialların rəhbəri təsisçi tərəfindən təyin edilir və o, etibarnamə əsasında fəaliyyət göstərir.
Addım2: Filialın əsasnaməsi
Filial hüquqi şəxs deyil, fəaliyyətini təsisçinin təsdiq etdiyi əsasnamə əsasında qurur. Xarici kommersiya qurumunun yaradılacaq filialın əsasnaməsinə daxil edəcəyi əsas məlumatlar bunlardır:
- təsisçi xarici hüquqi şəxsin adı, təşkilatı-hüquqi forması, təsis edildiyi ölkədəki ünvanı;
- filialın adı, Azərbaycanda yerləşdiyi yer;
- filialın yaradılması, açılması məqsədləri və fəaliyyət növləri;
- filialının idarə edilmə qaydaları.
İki nüsxədə hazırlanan əsasnamə filial açmaq istəyən şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilir.
Addım3: Qeydiyyatdan əvvəl hazırlanmalı sənədlər
Azərbaycanda filialın qeydiyyatı üçün aşağıdakı sənədləri hazırlamaq lazımdır:
- filialın yaradılması haqqında qərar;
- rəhbər şəxslərin təyin edilməsi barədə xarici hüquqi şəxsin qərarının əsli yaxud notariat qaydasında təsdiq edilmiş surəti (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilir);
- filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla);
- hüquqi ünvanı təsdiq edən sənəd;
- təsisçi tərəfindən verilmiş etibarnamənin əsli yaxud surəti (notariat qaydasında təsdiq və leqallaşdırılmaqla).
Qeydiyyat sənədlərini hazırlamaq üçün müraciət edin!
Addım 4: Qeydiyyat orqanına müraciət
Azərbaycanda kommersiya müəssisələrinin və onların filiallarının qeydiyyatını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti aparır. Xarici şirkət Azərbaycanda filialın qeydiyyatı üçün DVX-nin müvafiq qurumuna “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”-ni təqdim edir. Notariat qaydasında təsdiq edilmiş ərizəyə toplanmış yuxarıdakı sənədlərlə birgə bunlar da əlavə olunur:
- “Təsisçi-hüquqi şəxslər barədə məlumat”
- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) – hazırda 300 manatdır;
- filial xüsusi vergi rejimində fəaliyyət göstərəcəksə – “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat”;
- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;
- ərizə vəkil etdiyi şəxs tərəfindən imzalanarsa-etibarnamə;
- xarici bankların və sığorta şirkətlərinin filialları yaradıldıqda – Mərkəzi Bankın və Maliyyə Nazirliyinin ilkin razılığını təsdiq edən sənəd.
Addım 4: Dövlət qeydiyyatını təsdiq edən sənədlərin alınması
Əgər qeydiyyat qurumuna təqdim edilmiş sənədlərdə hər şey qaydasındadırsa, Azərbaycanda filialın qeydiyyatı aparılır və filiala dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Təqdim edilmiş məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Bu həm də filialın vergi məqsədləri üçün uçota alınması hesab olunur.
Filiala verilən qeydiyyat şəhadətnaməsində və dövlət reyestrindən çıxarışda VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilir. Filialın təsis sənədlərinə edilən sonrakı dəyişikliklər, habelə qeydə alınmış faktlarda baş verən dəyişiklik qeydiyyata alınmalıdır.
Addım 5: Qeydiyyatdan sonrakı fəaliyyət.
Filialın yerli qanunvericiliyə uyğun fəaliyyətinə təsisçi tərəfindən təyin edilmiş rəhbər məsuldur. Maliyyə sanksiyaları ilə üzləşməmək üçün:
- əcnəbi işçilər üçün iş icazələrinin alınmasına;
- müvafiq fəaliyyət növləri üçün lisenziyaların əldə edilməsinə;
- əmək müqavilələrinin bağlanmasına;
- vergi hesabatlarının vaxtında verilməsinə;
- qanunvericilikdə müəyyən edilmiş digər tələblərə diqqət etmək lazımdır.
Maliyyə cərimələrindən qaçmaq üçün düzgün sənədləşmə vacibdir. Azərbaycanda filial qeydiyyatı zamanı Accounting.Az MMC sizə kömək edər.
