» » » Əmək müqaviləsi nədir?

Əmək müqaviləsi nədir?

posted in: Uncategorized | 0
birbank biznes

Əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

İşəgötürənlə işçi arasındakı əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu münasibətlərin əsasında isə əmək müqaviləsi dayanır. Əmək müqaviləsinin kimlərlə bağlanmalı olması barədə Əmək Məcəlləsinin 4-cü və 5-ci maddələrində geniş bəhs olunub. Əmək müqaviləsi bütün iş yerlərində tətbiq olunmalıdır. Əmək münasibətləri olan yerdə əmək müqaviləsinin bağlanması zəruridir. Əmək məcəlləsinin 6-cı maddəsində isə Məcəllənin şamil edilmədiyi şəxslər göstərilib:

Aşağıdakı şəxslərə əmək məcəlləsi şamil olunmur:

a) Hərbi qulluqçulara

b) Məhkəmə hakimlərinə

c) Milli məclisin deputatlarına və bələdiyyəyə seçilmiş şəxslərə

ç) Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə fəaliyyət göstərən müəssisədə yerinə yetirən əcnəbilərə

d) Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə


Əmək müqaviləsində mütləq göstərilməli olan şərtlər və məlumatlar aşağıdakılardır:

a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;

 

b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;

 

c) işçinin iş yeri, vəzifəsi (peşəsi);

ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;

d) əmək müqaviləsinin müddəti;

e) işçinin əmək funksiyası;

ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;

f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;

g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması;

x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

 

h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.

 

Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

 

Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

Əmək müqaviləsi şifahi şəkildə həyata keçirilə bilməz. Əmək müqaviləsi yazılı formada iki nüsxədən az olmayaraq tərtib edilir, tərəflərin imzası ilə təsdiq olunur. Müqavilənin bir nüsxəsi işçidə digər nüsxəsi isə işəgötürəndə qalır. Bəzən təcrübədə işəgötürənin əmək müqaviləsini 3 və ya daha çox nüsxədə bağlamaq tələbinə işçinin etirazı ilə qarşılaşırıq. Əlbəttə ki, işçi etiraz etməkdə haqlı deyil müqavilə ən azı 2 nüsxədə bağlanılmalıdır. Bu isə o deməkdir ki, əmək müqaviləsinin nüsxəsi ikidən də çox ola bilər. Əmək müqaviləsi həmçinin digər dillərə də tərcümə edilə bilər. Bununla bağlı heç bir məhdudiyyət qoyulmayıb. Yəni əmək müqaviləsi həm Azərbaycan dilində həm də digər dillərdə tərcümə edilib imzalana bilər.

Əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa o, tərəflərin imzaladığı gündən qüvvəyə minir. İşçi yazılı müqavilə olmadan, əvvəlcədən işəgötürənin razılığı ilə faktiki olaraq işə başlamışsa, əmək müqaviləsi həmin andan bağlanmış hesab olunur. Bu halda ən geci 3 gün müddətində əmək müqaviləsi bağlanmalıdır.

Təcrübədə işçinin əmək müqaviləsi bağlamadan işləməsi halları ilə çox qarşılaşırıq. Bəzən işəgötürən əmək müqaviləsinin bağlanacağına söz versə də, səhlənkarlıq edərək müqaviləni bağlamır. İşçilərə məsləhət görərdik ki, belə hallara yol verməsinlər.

Əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

Bəzən müvafiq nəzarət-yoxlama qurumlarının nümayəndələri tələb edirlər ki, əmək müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Bu tələb daha çox işəgötürən möhürsüz hüquqi şəxs olduqda edilir. Sahibkarlıqla məşğul olan fiziki şəxsin möhürünün olması vacib deyil. Fiziki şəxsin möhürünün yoxluğu o demək deyil ki, o, işçi işə götürə, onunla əmək müqaviləsi bağlaya bilməz. Sahibkar fiziki şəxsin möhürü yoxdursa o, işçi işə götürdükdə möhür əvəzinəı imza atması kifayət edir. Hər hansı nəzarət orqanının belə əmək müqavilələrinibn notarial qaydada təsdiqini tələb etməsi Əmək Məcəlləsi ilə qadağandır

Əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.


Əmək müqaviləsinin müddəti

Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Əmək müqaviləsində göstərilməmişdirsə həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.