Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır.
Bəs qanunvericiliyin bu tələbi natamam və 6 günlük iş rejimi ilə işləyən işçilərə də şamil edilirmi? Suala əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir.
Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.
Misal 1
Tutaq ki, 8 Noyabr – Zəfər Günü həftənin cümə gününə düşür, belə olan halda cümə axşamı iş saatı 7 saat deyil, 6 saat olacaq. Yəni 1 saat qısaldılma tətbiq ediləcək.
Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallarda iş saatları qısaldılmış olduğu üçün qısaldılma tətbiq edilmir.
Misal 2
91-ci maddəyə əsasən, hamilə qadınlarda həftəlik iş saatı 36 saatdan çox ola bilməz. 6 günlük iş rejimi ilə işləyən hamilə qadın günlük 6 saat çalışır. 8 noyabr həftənin cümə gününə düşərsə, cümə axşamı iş saatı 6 saat olaraq qalacaq.
Misal 3
İşçi 5 günlük iş rejimi ilə işləyir. 20 Yanvar – Hüzn Günü həftənin bazar gününə düşür. Şənbə günü işçinin istirahət günü olduğuna görə, cümə günü iş saatında qısaldılma edilməyəcək.
Natamam iş rejimi ilə bağlı Əmək Məcəlləsinin 94-cü maddəsində göstərilib ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın – ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir və əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Maddədən də görünür ki, natamam iş rejimi ilə işləyən işçinin Əmək Məcəlləsi üzrə hüquqları məhdudlaşdırıla bilməz və bu səbəbdən, 1 saat qısaldılma onlara da şamil edilməlidir.
Mənbə: vergiler.az

