Antik dünya əzablar içində ölürdü. Yazıçı Zamyatinin sözlərinə görə, “bütün Avropada bir narahatlıq var idi, bu havanın özündə də var idi, hamı onunla nəfəs alırdı. Hamı müharibələr, üsyanlar, fəlakətlər gözləyirdi. Heç kim yeni müəssisələrə pul yatırmaq istəmirdi. İşsizlər kütləsi küçələrdə dolaşır və çörək tələb edirdilər. Çörək hər gün bahalaşırdı, pullar isə gündəlik olaraq dəyərdən düşürdü”. O vaxt heç kim bilmirdi ki, eyni zamanda yeni bir dünya, orta əsrlər doğulurdu. Məhz, o, müasir mühasibatlıq toxumlarını səpməyə başlamışdı.
Uçotun formalaşması invenarlaşdırmanın müxtəlif növlərindən inkişaf etməyə başlamışdı. Klassik inventarlaşdırmanın nümunəsi VIII əsrin sonu, IX əsrin əvvəlləri ilə əlaqədar olan Böyük Karlın kapitulyarilərini hesab etmək olardı. Onda mülk müdirlərinin kənd təsərrüfatı qeydlərini necə aparacağına dair təlimat var idi. Digər göstərişlərlə yanaşı kapitulyaridə ildə bir dəfə, Yeni il ərəfəsində gəlirlər barədə hesabat vermək, mülkiyyətçiyə pulların verilməsi qaydaları, xərclərin iki növ üzrə uçotunun aparılması: sahibkarın xərcləri və təsərrüfatın xərcləri barədə göstərişlər var idi.
Orada həmçinin xüsusi olaraq qeyd edilmişdi ki, qalıqlar ayrıca siyahıda qeydə alınmalıdır və onların hesablanması dəyərlərin növləri üzrə həyata keçirilməlidir. Bir maraqlı detal diqqəti cəlb edir: məsrəflərlə bağlı əməliyyatları bir adam, gəlirləri ikinci bir şəxs, qalıqların çıxarılmasını isə üçüncü adam yerinə yetirirdi. Bu o zamanların tipik nəzarət üsulu idi. Mülkiyyətçidən başqa heç kim (və çox vaxt elə üçüncü şəxs, məhz mülkiyyətçinin özü olurdu) işlərin həqiqi vəziyyətini bilməməli idi.

