Mövzunu rəqəmsal maliyyə üzrə ekspert Nigar Kazımova şərh edir.
Qlobal iqtisadi mühitin dəyişkənliyi və çağırışların dinamikası, rəqabətin artması şəraitində müəssisələrin maliyyə sabitliyinin qorunması və strateji məqsədlərə çatması üçün səmərəli maliyyə planlaması mühüm əhəmiyyət kəsb edir. Maliyyə planlaması müəssisənin maliyyə strategiyasının formalaşmasının əsas mərhələsidir. O, gələcəkdə əldə olunacaq maliyyə nəticələrinin (gəlir, mənfəət, pul axınları və s.) proqnozlaşdırılmasına, risklərin azaldılmasına və likvidliyin təmin olunmasına xidmət edir. Digər tərəfdən, maliyyə planlaması müəssisənin fəaliyyətinin strateji və operativ idarəetmə mərhələlərində mühüm rol oynayır. Strateji səviyyədə uzunmüddətli məqsədlərin maliyyə təminatı müəyyən edilir, operativ səviyyədə isə cari fəaliyyətin büdcəsi hazırlanır və icra olunur. Eyni zamanda, o, müəssisənin müvəffəqiyyətinə mane ola biləcək hadisələrin bir çox halda öngörülməsinə, baş verdiyi halda isə öyrənilməsinə, onun təsirini azaltmaq və ya tamamilə aradan qaldırmaq məqsədilə strategiyaların hazırlanmasına şərait yaratmış olur. Başqa sözlə desək, maliyyə planlaması – maliyyə resurslarının formalaşdırılması və istifadə edilməsi üzrə gələcək hərəkətlərin müəyyənləşdirməsi prosesidir. Bu planlama yenidən istehsal prosesinin maliyyə resursları ilə təmin edilməsini hədəfləyir.
Real həyatda maliyyə planlaması uzunmüddətli, qısamüddətli və çevik planlama (vəziyyətdən asılı olaraq) formasında qarşımıza çıxır. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, maliyyə planlamasının əsas məqsədlərini aşağıdakı kimi icmallaşdırıb sıralaya bilərik:
- maliyyə resurslarının səmərəli bölgüsünü təmin etmək;
- gəlirlərin və xərclərin balanslaşdırılmış strukturunu yaratmaq;
- istehsal və satış planları ilə maliyyə axınlarını uyğunlaşdırmaq;
- investisiya qərarlarının maliyyə əsaslandırılmasını təmin etmək.
Müəssisələrdə maliyyə planlamasının əsas alətlərindən biri kimi büdcələr çıxış edir. Büdcə – müəssisənin gəlir və xərclərinin planlaşdırılması, maliyyə nəzarətinin təmin edilməsi və səmərəliliyinin qiymətləndirilməsi üçün əsas mexanizm kimi götürülür.
Maliyyə planlaması prizmasında büdcələrin hazırlanması yalnız xərclərin hesablanması və gəlirlərin proqnozlaşdırılması deyil, həm də resurs bölgüsünün optimallaşdırılması, maliyyə-təsərrüfat fəaliyyətinin monitorinqi və strateji qərarların dəstəklənməsi prosesidir. Müasir idarəetmə konsepsiyaları göstərir ki, düzgün qurulmuş büdcə sistemi müəssisənin maliyyə sabitliyini artırmaqla yanaşı, onun rəqabət qabiliyyətini də yüksəldir. Çünki büdcə planlanan, ölçülə bilən fəaliyyət deməkdir.
Büdcələşdirmə — müəssisənin gəlir və xərclərinin planlaşdırılması, idarə olunması və nəzarətini təmin edən sistematik proses, eyni zamanda biznesin bütün səviyyələrində idarəetmə texnologiyasıdır. Müəssisənin strateji məqsədlərinin maliyyə göstəriciləri ilə uzlaşdırılması, məsuliyyət altında olan struktur vahidlərinin fəaliyyətinə nəzarətin təmin edilməsi və resurslardan səmərəli istifadənin təmin olunması bu prosesin əsas məqsədlərindəndir.
Büdcə – maliyyə göstəriciləri ilə ifadə olunan müəssisənin və onun müxtəlif struktur vahidlərinin fəaliyyətinin planıdır. Büdcələrin növləri təsnifat meyarlarına görə dəyişməkdədir. Göstəricilərə görə, büdcələr belə təsnifləndirilib:
- gəlirlər və xərclər;
- pul vəsaitlərinin hərəkəti;
- balans büdcəsi.
Funksional olaraq isə büdcələr –
- istehsal;
- satış;
- təchizat;
- məsrəflərə ayrılmaqdadır.
Eyni zamanda, büdcələr dövrlərinə görə illik, rüblük, aylıq olaraq hazırlanır.
Büdcələrin tərtib edilməsi 3 üsulla həyata keçirilir:
1. “Aşağıdan yuxarı” – büdcə struktur bölmələrin fəaliyyət planlarına və bütün müəssisəyə aid olan birləşdirilmiş cəmi nəticələrin müəyyən edilməsi üçün iyerarxiya üzrə yuxarıya ötürülərək tərtib olunur.
2. “Yuxarıdan aşağı” – büdcə müəssisənin rəhbərliyi tərəfindən qoyulmuş məqsədli göstəricilərə əsaslanaraq tərtib edilir.
3. İterativ yanaşma – büdcə hazırlığı prosesi müəyyən edilmiş etaplar üzrə tərtib edilir. Belə ki, məlumatlar əvvəl yuxarıdakı rəhbərlərdən aşağıdakı struktur bölmələrə və nəticə etibarilə iyerarxiya strukturuna uyğun aşağıdan yuxarı çatdırılır. Bir növ, əvvəlki iki üsulun sintezini təşkil edir.
İstehsalatla məşğul olan bir müəssisə, ilk olaraq, satış büdcəsini hazırlayır. Satış büdcəsi (satış proqramı) – hər məhsul növü üzrə planlaşdırılmış satış həcmi, qiymət və realizə edilməsindən gözlənilən gəlir haqqında məlumatlardan ibarət olan əməliyyat büdcəsidir. Beləliklə, satış büdcəsi bütün digər büdcələr üçün əsas sayılır.
Növbəti hazırlanan büdcə istehsalat büdcəsidir. İstehsalat büdcəsi – büdcənin əhatə etdiyi dövr üzrə planlaşdırılmış satışı dəstəkləmək məqsədilə istehsalat həcmini müəyyən edir. İstehsalat büdcəsi ancaq kəmiyyət göstəriciləri ilə formalaşır və istehsalat üzrə qərar verən məsul şəxslərin məsuliyyət sahəsinə daxildir.
Daha sonra müəssisədə müəyyən məhsul növünün istehsalı üçün tələb olunan mal-material ehtiyatlarının miqdarı, onların istifadəsi və əldə edilməsi məqsədilə yaranacaq məsrəfləri göstərən əsas materialların istifadə və əldəetmə xərclərinin büdcələri tərtib olunmalıdır.
Paralel olaraq, istehsalat prosesində istifadə olunacaq əmək resurslarını və digər dolayı istehsal məsrəflərini özündə ehtiva edəcək əməkhaqqı büdcəsinin (əsas istehsal işçilərinin əməyi üzrə smeta) və ümumistehsal xərclər büdcəsinin hazırlanması zəruridir. Hazır məhsulun bir vahidinin maya dəyərini proqnozlaşdırdıqdan sonra əsas balans büdcəsinə təsir edəcək ehtiyatlar büdcəsini tərtib etmək vacib şərtdir.
Prosesin davamı olaraq, satış üzrə xərclər büdcəsi (kommersiya xərclərinin büdcəsi) və inzibati xərclərin büdcəsini də hazırlamaq lazımdır. Qeyd etmək lazımdır ki, satış üzrə xərclər büdcəsinin hazırlanmasına bilavasitə cavabdeh olan satışı təmin edən struktur bölmədir.
Yuxarıda qeyd edilən büdcələr əsasında artıq planlaşdırılan fəaliyyətin nəticələrini əks etdirən və plan dövrü başlamazdan qabaq tərtib olunması vacib olan mənfəət və zərər haqqında proqnoz hesabatı hazırlanmalıdır. Konsolidasiya edilmiş xəzinə smetasını (dövrlərə görə proqnozlaşdırılan pul axınları barədə məlumat) tərtib etdikdən sonra növbəti proqnoz hesabatı – pul vəsaitləri büdcəsi tərtib olunmalıdır. Büdcə hazırlığı prosesinin yekununda proqnoz balans hesabatı hazırlanaraq idarəetmə uçotunun maraqlı olan şəxslərinə təqdim edilir. Bundan sonra isə davamlı şəkildə büdcə göstəricilərinin icrasına nəzarəti və onların təhlilini həyata keçirmək lazım gəlir. Faktiki məlumatların plan məlumatlarından kənarlaşmalarının aşkar edildiyi təqdirdə, onların təhlili bu kənarlaşmalara səbəb olan faktorları aşkar etməyə imkan verməklə birlikdə gələcəkdə bu faktorlara təsir göstərmək imkanını təmin edir.
Dünya təcrübəsinə nəzər yetirdiyimizdə, müəssisə büdcələşməsinin çevik planlaşdırma və rəqəmsal analitika ilə sıx əlaqələndirildiyini müşahidə edirik. Məsələn, ABŞ və Avropa ölkələrində “Rolling Budget” (Dönər büdcə) və “Zero-based Budgeting” (Sıfırdan büdcələşmə) kimi modellər geniş tətbiq olunur. Dönər büdcə müəssisəyə bazar dəyişikliklərinə çevik uyğunlaşmaq imkanı verir, sıfırdan büdcələşmə isə hər bir xərc maddəsinin əsaslandırılmasını tələb edir və resurs israfını azaldır.
Son illərdə rəqəmsal büdcələşmə sistemləri – “Power BI”, “SAP BPC”, “Oracle Hyperion” kimi platformalar vasitəsilə avtomatlaşdırılmış modellərə keçid prosesi sürətlə yayılmaqdadır. Bu yanaşma büdcə prosesinin şəffaflığını və qərar qəbuletmənin operativliyini artırır. Müəssisə səviyyəsində büdcələşmə effektiv maliyyə idarəetməsinin təməlini təşkil edir. Düzgün qurulmuş büdcə sistemi müəssisənin dayanıqlı inkişafını təmin etməklə qərar qəbuletməni asanlaşdırır və resursların optimal istifadəsinə şərait yaradır.
Yekun olaraq, müəssisələrdə büdcə nəinki maliyyə idarəetməsinin, həm də korporativ idarəetmənin əsas komponentinə çevrilib. Büdcə məlumatları rəhbərliyə risklərin idarə olunması, resurs bölgüsü və performansın qiymətləndirilməsi baxımından strateji üstünlük verir.
Mənbə: vergiler.az
