Hüquqi şəxsin təsisçisi ilə direktorunun eyni şəxs olduğu hallara təcrübədə tez-tez rast gəlirik. Bəs bu halda tərəflər arasında əmək müqaviləsinin bağlanmasını tələb edən əmək münasibətləri yaranırmı? Bu münasibətlər mülki hüquq normaları ilə tənzimlənməlidir? Suallara “Expert SM Bookkeeping and Consulting” MMC-nin əməkdaşı Afaq Əliyeva aydınlıq gətirir.
Bir sıra xarici ölkələrin qanunvericiliyində hüquqi şəxslə onun icra orqanının rəhbəri arasında yaranan münasibətləri tənzimləyən ayrıca müddəalar mövcuddur. Məsələn, Rusiya Federasiyasının Əmək Məcəlləsinin 43-cü fəsli “Təşkilatın rəhbəri və təşkilatın kollegial icra orqanı üzvlərinin əməyinin tənzimlənməsinin xüsusiyyətləri” adlanır. Həmin fəsildə təşkilat rəhbəri (o cümlədən kollegial icra orqanının üzvləri) ilə əmək müqaviləsinin bağlanması və xitamı, onların maddi məsuliyyəti, əmək müqaviləsinə xitamı halında verilən təminatlar və s. məsələlər tənzimlənir. Həmin Məcəllənin 273-cü maddəsinə görə, 43-cü fəslin müddəaları müəssisə rəhbərlərinə şamil edilsə də müəssisənin rəhbəri müəssisənin yeganə iştirakçısı (təsisçi), üzvü, onun əmlakının mülkiyyətçisi olduqda bu müddəalar ona şamil edilmir.
Oxşar yanaşma Litva Respublikasının Əmək Məcəlləsinin 7-ci fəslində (101-106-cı maddələr), Özbəkistan Respublikasının Əmək Məcəlləsinin 28-ci fəslinin 1-ci paraqrafında (485-490-cı maddələr) və bir sıra digər ölkələrin də qanunvericiliyində nəzərdə tutulub.
Ölkəmizin qanunvericiliyində isə bu hüquqi məsələni tənzimləyən hər hansı normativ mətn mövcud deyil, yaxud natamamdır ki, bu da müəyyən çətinliklərə səbəb olur.
Müşahidələrimiz göstərir ki, indiyədək bu cür hallarda hüquqi şəxsin yeganə təsisçisi və direktoru arasında əmək qanunvericiliyinin tələblərinə uyğun ikitərəfli əmək müqaviləsi bağlanır. Həmin əmək müqaviləsini bir tərəfdən işəgötürən qismində yeganə təsisçi, digər tərəfdən işçi qismində direktor imzalayır. Başqa sözlə, baxdığımız halda əmək müqaviləsini eyni şəxs özü ilə imzalayır.
Fikrimizcə, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmadığından, bu halda direktorla əmək müqaviləsinin bağlanması da tələb olunmur.
Bu fikrimizi məsələyə dair mövcud məhkəmə praktikasına müraciət etməklə əsaslandıraq.
Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2025-ci il tarixli iclasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul olunub. Qərarda qeyd olunur ki, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yolveriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir.
Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olan icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir.
Lakin hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbərinin eyni şəxs olması halında onlar arasında hər hansı müqavilənin bağlanması hüquqi məntiqə zidd olmaqla yanaşı, müqavilənin anlayışı və təbiəti ilə uyğunsuzluq təşkil edir.
Göstərilənlərdən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qərara alıb ki:
1) Azərbaycan Respublikası Konstitusiyasının 15 və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.
2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
Beləliklə, yeganə təsisçisi həm də direktoru olan hüquqi şəxslərdə direktor vəzifəsinə təyinat haqqında müvafiq qərar (əmr, yaxud sərəncam) tərəflər arasındakı münasibətlərin hüquqi əsasını təşkil edir.
Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı sosial ədalətin gücləndirilməsinə, işçilərin hüquqlarının qorunmasına və eyni şəxsin həm işəgötürən, həm də işçi funksiyalarını yerinə yetirdiyi hallarda hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Əmək qanunvericiliyi və mülki qanunvericiliyin tətbiq sərhədlərini dəqiqləşdirir, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda münasibətlərin rəsmiləşdirilməsindəkı hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, məhkəmə təcrübəsi, icra hakimiyyəti orqanları, işəgötürənlər və işçilər üçün hüquqi istiqamət müəyyən edir.
Qərar kiçik biznes subyektlərində əmək münasibətlərinin tənzimlənməsi sahəsində mühüm presedent hesab olunur.
Məsləhətçi: “Expert-SM Ltd” MMC-nin direktor müavini İlham Atayev
Mənbə: vergiler.az

