Əmək haqqının hesablanması işçilərin faktiki iş yerində vəzifə maaşına əsasən aparılır. Vəzifə maaşından müvafiq tutulmalar olduqdan sonra işçiyə çatacaq məbləğ müəyyən olunacaq. Bu tutulmalar məcburi və könüllü ola bilər. İlkin olaraq adi bir şəxsin əmək haqqısının hesablanmasında olan əsas tutulmalara baxaq.
1) Əmək haqqından 14% həcmində fiziki şəxslərin gəlir vergisi tutulur.
Bu isə vəzifə maaşı 2500 manata qədər olan şəxslərdə ölkə üzrə yaşayış minimumu çıxıldıqdan sonra aparılır. 2016-cı il üçün ölkə üzrə yaşayış minimumu 136 manat həcmində müəyyən olunmuşdur. Vəzifə maaşı 2500 manatdan çox olduqda isə 350 və əlavə olaraq 2500 manatdan çox olan hissənin 25%-i tutulur.
Məsələn:
a) Vəzifə maaşı 536 manat şəxs üçün gəlir vergisi aşağıdakı qaydada hesablanır:
(536-136)*14%=56. Bu şəxs üçün gəlir vergisi 56 manat təşkil edir.
b) Vəzifə maaşı 3000 manat olan şəxs üçün gəlir vergisi:
350+(3000-2500)*25% = 350+125=475 manat həcmində tutulur.
2) Vəzifə maaşından 3% məcburi dövlət sosial sığorta ayırması tutulur.
a) 536*3%=16.08 manat b) 3000*3%=90 manat
3) Adətən praktikada ən çox rast gəlinən könüllü tutulma isə 2% həcmində həmkarlar ittifaqına ayırmalar tutulur.
a) 536*2%= 10.72
b) 3000*2%=60 manat
Əmək haqqının hesablanması 70-ci hesabın krediti üzrə aparılır. Müxabirləşmənin debet tərəfində xərclərin uçotu üzrə hesablar olur.
Dt | Kt | Məbləğ | Əməliyyatın məzmunu |
08 | 70 | 10 000 | Əsas vəsaitlərin tikintisi ilə məşğul olan işçilərin əmək haqqının hesablanması |
10, 15 | 70 | 1 000 | Materialların təchizatı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması |
20 | 70 | 20 000 | Əsas istehsalda çalışan işçilərin əmək haqqının hesablanması |
23 | 70 | 2 200 | Köməkçi istehsalatda çalışan işçilərin əmək haqqının hesablanması |
25 | 70 | 220 | Ümumistehsalatda çalışan işçilərin əmək haqqının hesablanması |
26 | 70 | 15 000 | Administrativ və idarəetmədə çalışan işçilərin əmək haqqının hesablanması |
44 | 70 | 1 000 | Hazır məhsulun satışı ilə məşğul olan işçilərin əmək haqqının hesablanması |