» » » Bu xidmət üçün vergi və sosial sığorta öhdəlikləri necə hesablanır?

Bu xidmət üçün vergi və sosial sığorta öhdəlikləri necə hesablanır?

posted in: Vergi, Xəbər | 0

Bu xidmət üçün vergi və sosial sığorta öhdəlikləri necə hesablanır?

Ötən il Vergi Məcəlləsində edilmiş mühüm dəyişiklərdən biri də avtomobillərlə sərnişindaşıma sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi ödənişləri ilə bağlıdır.

Bəs VÖEN əsasında müntəzəm qaydada avtobuslarla sərnişindaşıma xidməti göstərən sahibkarların hansı vergi və sosial sığorta ödəlikləri var?

Mövzunu şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, VÖEN əsasında çalışan şəxslər üçün sosial sığorta ödənişləri minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında müəyyənləşib.

Bu isə o deməkdir ki, VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti, avtobuslarla sərnişindaşıma xidməti və s.) ayda 32 manat 50 qəpik məbləğində sosial sığorta haqqı ödəməlidirlər. 2019-cu il martın 1-dən minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırıldığını nəzərə alsaq, həmin tarixdən sosial sığorta ödənişlərinin məbləği VÖEN əsasında tikinti və ticarət sektorunda fəaliyyət göstərənlər üçün 90 manat, digər sahələrdə çalışanlar, o cümlədən avtobusla sərnişindaşıma xidməti göstərənlərdə isə 45 manat olacaq.

Biznes hesabi

Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma
xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği
nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır

Qeyd olunub ki, avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslər bu fəaliyyətlərini qanuniləşdirmək üçün, ilk növbədə, vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə VÖEN almalıdır: “Bundan sonra həmin şəxslər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na əsasən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Fərqlənmə nişanı” əldə etməlidirlər.

Fəaliyyətlərini qanuniləşdirdikdən sonra VÖEN əsasında avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin vergi öhdəlikləri və ödəyəcəkləri verginin məbləği nəqliyyat vasitəsindəki oturacaqların sayına uyğun qaydada hesablanır. Məsələn, VÖEN əsasında Bərdə rayonunda 13 yerlik mikroavtobusla sərnişindaşıma xidməti göstərən fiziki şəxs hər oturacaq üçün 1 manat 80 qəpik vergi ödəməlidir”.

Sərnişindaşıma xidməti göstərən fiziki şəxslərin ödəməli olduğu verginin məbləği hesablanarkən bu fəaliyyətin həyata keçirildiyi ərazidən asılı olaraq, sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhərində istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) -1,0.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.