VM-nin 175.2 maddəsində digər məqsədlər dedikdə nə nəzərdə tutulur?
Sual: 175.2 də başqa məqsədlər dedikdə nə nəzərdə tutulur? Bu maddədə olan “başqa məqsədlər” ifadəsini qeyri-kommersiya məqsədləri kimi başa düşmək olarmı? Olarsa, niyə eyni məqsədlər üçün bir maddə ƏDV-ni “tam” hesablamağa məcbur edir, digər maddə isə “qismən” əvəzləşdirməyə?
Cavab: Bildiririk ki, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur. Sahibkarlıq məqsədləri üçün deyil, qeyri-kommersiya məqsədləri üçün istifadə malların son istehlakı anlamını verərək bu məqsədlər üçün istifadə olunan mallara görə ödənilən vergi məbləği əvəzləşdirilmir, əvəzləşdirildikdə onların dəyərinə ƏDV tətbiq olunur. ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 159-cu maddəsi də ƏDV-nin vergitutma obyektini, Vergi Məcəlləsinin 175-ci maddəsi isə ödənilmiş verginin əvəzləşdirilməsini tənzimləyən maddələrdir. Bu baxımdan da ƏDV ödəməklə əldə edilən mallara görə ödənilən vergi məbləği əvəzləşdirildiyi halda və sonradan həmin mallar qeyri-kommersiya məqsədləri istifadə edildikdə onların dəyərinə Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV tətbiq edilməklə əvəzləşdirilən ƏDV məbləğini büdcəyə bərpa etməlidir. ƏDV ödəməklə əldə edilən mallara görə ödənilən vergi məbləği Vergi Məcəlləsinin 175.4-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilmədiyi halda və sonradan həmin mallar qeyri-kommersiya məqsədləri istifadə edildikdə onların dəyərinə ƏDV artıq tətbiq olunmur. ƏDV ödəməklə əldə edilən mallara görə ödənilən vergi məbləği əvəzləşdirildiyi halda və sonradan həmin malların bir hissəsi sahibkarlıq məqsədləri üçün deyil, digər məqsədlər, o cümlədən də qeyri-kommersiya məqsədləri istifadə edildikdə həmin malların əvəzləşdirilməsi zamanı Vergi Məcəlləsinin 175.2-ci maddəsinin müddəaları əsas götürülür. Misal olaraq, vergi ödəyicisi alınmış 1.000 kq sementin 500 kq-nı digər vergi ödəyicisinə satdıqda, qalan 500 kq isə qeyri-kommersiya məqsədləri üçün (yeməkxana, kitabxana və s.) sərf etdikdə, ödənilən ƏDV məbləğinin yalnız satılmış sementə uyğun olan hissəsi, yəni 50% əvəzləşdirilə bilər.
Bax: Vergi Məcəlləsinin XI fəsli.