» » » Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər

posted in: Xəbər | 0
birbank biznes

İstehsalatdan ayrılmadan təhsil alan işçilərə aşağıdakı ödənişli məzuniyyətlər verilir:

  • laboratoriya işlərinin yerinə yetirilməsi, yoxlamaların və imtahanların verilməsi üçün;
  • dövlət imtahanları verilməsi üçün;
  • diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövr üçün.

Ali məktəblərin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 20 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 30 təqvim günü müddətində məzuniyyət verilir. Orta ixtisas məktəblərinin axşam şöbələrində müvəffəqiyyətlə oxuyan şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 10 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 20 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin qiyabi şöbələrində müvəffəqiyyətlə oxuyan tələbələrə və şagirdlərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər il birinci və ikinci kurslarda 30 təqvim günü, üçüncü və daha yuxarı kurslarda 40 təqvim günü müddətində məzuniyyət verilir.

Ali və orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə və şagirdlərə dövlət imtahanları dövründə 30 təqvim günü müddətində məzuniyyət verilir.

Diplom layihəsinin (işinin) hazırlandığı və müdafiə edildiyi dövrdə ali məktəblərin axşam və qiyabi şöbələrinin tələbələrinə 4 təqvim ayınadək, orta ixtisas məktəblərinin axşam və qiyabi şöbələrinin şagirdlərinə isə 2 təqvim ayınadək məzuniyyət verilir.

Texniki peşə məktəblərində istehsalatdan ayrılmadan müvəffəqiyyətlə təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün il ərzində 34 təqvim günü müddətində məzuniyyət verilir.

Orta ümumtəhsil məktəblərinin nəzdində axşam siniflərində və qiyabi qruplarında istehsalatdan ayrılmadan təhsil alan işçilərə XI buraxılış siniflərində imtahanları vermək üçün 20 təqvim günü, IX sinifdə isə 8 təqvim günü müddətində məzuniyyət verilir.

Məzuniyyətlərdən həmin müəssisə və təşkilatda əmək stajından asılı olmayaraq, təhsil proqramında nəzərdə tutulan dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Magistraturaya, doktoranturaya (aspiranturaya) qəbul imtahanı verən işçilərə 31 təqvim günü ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmadan magistraturada, doktoranturada (aspiranturada) təhsil alan işçilərin hər il 31 təqvim günü müddətində ödənişli məzuniyyət almaq hüququ vardır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun