Sual:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə uyğun olaraq müəssisədə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini və istehsalat göstəricilərinin yüksək olduğunu nəzərə alaraq, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədilə işçilərin kollektiv şəkildə mükafatlandırılması zamanı ödənilmiş mükafat məbləğinin gəlirlərdən çıxılan xərclərə aid edilib-edilməməsi barədə məlumat verilməsini xahiş edirik.
Cavab:
Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlirlər Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş dərəcələrlə gəlir vergisinə cəlb olunur.
Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Bunlarla yanaşı Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma. Həmçinin il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.
Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Eyni zamanda əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə aid edilmişdir.
Birdəfəlik xarakteri daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla) isə məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmayan ödənişlərə aid edilmişdir.
Göründüyü kimi əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir. Əlamətdar hadisələr və dövlət bayramları ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir.
Əsas:
Vergi Məcəlləsinin 98-ci, 101-ci, 108-ci, Əmək Məcəlləsinin 157-ci maddələri və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli Qərarı.
Mənbə: taxes.gov.az