» » » Maliyyə hesabatlarının məqsədi və istifadəçiləri

Maliyyə hesabatlarının məqsədi və istifadəçiləri

posted in: Uncategorized | 0

Maliyyə hesabatlarının məqsədi onun geniş saylı istifadəçiləri tərəfindən iqtisadi qərarların qəbul edilməsi üçün mühasibat uçotu subyektinin maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətindəki dəyişikliklər haqqında əhəmiyyətli hesab olunan informasiyanın təmin edilməsidir.

MALİYYƏ HESABATLARININ İSTİFADƏÇİLƏRİ

Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən,
analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir. Bu qruplar və onların müvafiq informasiya ehtiyacları aşağıdakı kimi təsvir edilə bilər:

(a) Səhmdarlar qrupu. Bu qrupa mövcud və potensial mülkiyyətçilər, və əgər mümkündürsə, konvertasiya olunan qiymətli kağızlar və səhmlər üzrə varrantların, opsion müqavilələrinin sahibləri daxildir. Bu qrupun üzvləri sərmayələrin alınması, satılması və ya tutulub saxlanılması üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə təmin olunmalıdır.

(b) Borcverənlər qrupu. Bu qrupa veksel və istiqrazların mövcud və potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borc verən subyektlər daxildir. Borcverənlər borcların və müvafiq faizlərin vaxtlı-vaxtında ödənilib-ödənilməyəcəyi barədə informasiya ilə təmin olunmalıdır.

(c) Muzdlu işçilər qrupu. Bu qrupa müəssisədə keçmişdə, hazırda çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar
daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə əmək haqlarının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin və işçilərinin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri informasiyada maraqlıdırlar.

(ç) Analitiklər və məsləhətçilər qrupu. Bu qrupa maliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar müəssisənin gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.

(d) İşgüzar təmas qrupu. Bu qrupa tədarükçülər, istehlakçılar və digər oxşar məqsədli tərəflər daxildir.

(e) Hökumət. Bu qrupa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün müvafiq dövlət və yerli hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq informasiya ilə təmin olunmalıdır.

(ə) Cəmiyyət. Bu, müəssisənin fəaliyyəti ilə təmasda olan və ya maraqlanan geniş ictimai qrupları təmsil edən qurumlardır. Maliyyə
hesabatları ictimaiyyəti müəssisənin müxtəlif sahələrin fəaliyyətində mövcud olan tendensiyaları və baş vermiş dəyişikliklər haqqında
informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər

Leave a Reply

Your email address will not be published.