birbank biznes

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü bəndinə əsasən məhdud məsuliyyətli cəmiyyətlər (bundan sonra MMC) üçün illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il müstəqil auditor cəlb edilməsi tələb olunur. Maddənin bu bəndinə əsasən bu cür auditor keçirilməsi ildə 1 dəfə tələb olunur. Bundan başqa, əgər təsisçilər istəyərsə öz hesablarına əlavə auditor yoxlamasını tələb edər bilər.

“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsi məcburi auditor anlayışını izah etmişdir. Beləki, həmin maddədə qeyd edilir ki, Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Belə nəticə çıxır ki, MMC-lər üçün illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il müstəqil auditor cəlb edilməsi məcburi tələbdir və bunun edilməməsi “Auditor xidməti haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 464-cü maddəsinə əsasən isə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlər ilə bərabər qanunvericilikdə İXM-nin həmin maddəsi üzrə cərimənin hansı qurum tərəfindən tətbiq ediləcəyi müəyyən edilməmişdir. Yəni cərimə var lakin tətbiq etməli olan qurum müəyyən edilməyib.

İllik maliyyə hesabatların verilməsi qaydası və forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.05.2010-cü il tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsiQAYDALARI” (bundan sonra “Qaydalar”) ilə müəyyən edilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən “Qaydalar kredit təşkilatları və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, kommersiya təşkilatlarına (bundan sonra — kommersiya təşkilatları) şamil edilir”. Yəni kiçik sahibkarlar bu hesabatın verilməsindən azad edilirlər. Bundan başqa, həmin Qaydaların 3.5-ci bəndinə əsasən isə “dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim edirlər. Bununla da Qaydalar hansı qurumların illik maliyyə hesabatı verməsini həmçinin hansı qurumların maliyyə hesabatlarına auditor rəyini əlavə etməli olduğunu göstərir.

Həmin Qaydaların 5.2-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya fondlarının və onların idarəçilərinin, sığorta şirkətlərinin siyahısını isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir.

Nazirlər Kabinetinin müvafiq Qaydalarına əsasən müəyyən edilir ki, kiçik kommersiya təşkilatları illik maliyyə hesabatları təqdim etmirlər və buna görə də auditor rəyinin alınması tələb olunmur. Lakin Mülki Məcəlləsinin 91.4-cü maddəsi isə MMC üçün hər hansı istisna müəyyən etmədən illik maliyyə hesabatlarının təqdim edilməli olduğunu göstərir. Mülki Məcəllə ilə müvafiq Qaydalar arasında uyğunsuzluq ilə birlikdə ümumiyyətli adı auditor rəyinin alınmamasına görə inzibati xəta protokolunun hansı qurum tərəfindən tətbiq ediləcəyi də hələ qeyri-müəyyəndir.

Hesab edirik ki, kiçik sahibkarlar üçün illik maliyyə hesabatları və buna dair auditor rəyi ilə bağlı qanunvericilikdəki qeyri-müəyyən məsələlər kiçik sahibkarların manefeyi nəzərə alınmaqla əsaslı şəkildə həll edilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2015-ci il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkarların təsdiq edilməsi haqqında” Qərara əsasən kiçik sahibkarlar işçilərin sayı 25 nəfərədək olan işçilərinin sayı 200 min manatadək olan sahibkarlıq subyektləridir. Qeyd edək ki, Sahibkarların kiçik, orta və iri sahibkar kimi müəyyənləşdirilməsi üçün işçilərin orta siyahı sayı və illik gəlir meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.