Beləliklə, mühasibat uçotu – bu, təşkilatın təsərrüfat həyatının özünəməxsus salnaməsidir, hansı ki, təşkilatın digər işçilərindən daxil olan, eləcə də mühasiblərin özləri tərəfindən tərtib edilən sənədlərə əsasən müəssisənin struktur bölməsi olan mühasibatlıq tərəfindən aparılır.
Bu sənədlər əsasında təşkilatın mühasibatlığı müsəssisənin mülkiyyəti – maddi dəyərləri və pullarının yerdəyişməsini izləyir. Təşkilatın mühasibatlığı istənilən zaman ərzində müəssisənin mülkiyyətinin bölüşdürülməsi, yəni təşkilatın hansı əmlaka sahib olduğu və onların harada yerləşməsi barədə təsəvvürə malik olmalıdır.
Ancaq belə bir sxemdə işlər düzgün tərtib olunmaya da bilər.
Mühasibatlığa verilən sənəd tamamilə düzgün tərtib oluna bilər, amma, həqiqətdə real təsərrüfat əməliyyatına müvafiq gəlməyə də bilər. Digər bir sənəd elə yoldaca, mühasibatlığı çatdırılmamışdan əvvəl yoxa çıxa bilər. Təşkilata məxsus maddi dəyərlər itirilə bilər və ya oğurlana bilər.
Belə hadisələr nəticəsində mühasibatlığın məlumatları əsasında əldə olunan təşkilatın mülkiyyətinin yerləşməsi təsviri, real vəziyyətə uyğun gəlməyə bilər.
Əlbəttə ki, real iqtisadi vəziyyət və mühasibat məlumatları arasında bəzi fərqlər öz-özlüyündə aşkar ediləcək. Lakin, təsərrüfatın vəziyyətinin yoxlanılması məqsədilə xüsusi tədbirlər həyata keçirilməsə, real iqtisadi vəziyyətlə mühasibat uçotu məlumatları arasında uyğunsuzluq güclənəcək və bir qədər sonra qarşıya belə bir sual çıxacaq: real vəziyyəti əks etdirməyən belə bir mühasibat uçotu təşkilata lazımdırmı?
Bu uyğunsuzluqları vaxtında üzə çıxarmaq və onların yaranmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq inventarizasiya həyata keçirilir – təşkilatın balansında olan əmlakın mühasibat uçotu məlumatlarına müvafiq gəlib-gəlmədiyi yoxlanılır.
Təşkilatın rəhbərliyi və onun mülkiyyətçiləri müəssisədə inventarizasiyanın müntəzəm və vicdanla həyata keçirilməsində maraqlıdırlar. Bundan əlavə, müntəzəm inventarizasiyanın aparılması qanunvericilikdə nəzərdə tutulub.
Dərinlik dərəcəsinə görə seçmə və tam inventarizasiya, zamana görə – planlı, qəfil və plandankənar həyata keçirilə bilər.
Təşkilatda planlı inventarizasiya əvvəlcədən qəbul olunmuş qaydalara uyğun həyata keçirilir. Məsələn, hər maliyyə ilinin sonunda illik hesabat hazırlanmazdan öncə təşkilatda tam planlı inventarizasiya həyata keçirilə bilər. Mülkiyyətin dövriyyədə olan ayrı-ayrı növləri daha tez-tez inventarizasiyaya məruz qala bilər.
Maddi dəyərlərin oğurlanması ilə bağlı şübhələr yarandıqda, qəfil inventarizasiya öncədən xəbərdarlıq edilmədən, həyata keçirilə bilər.