» » » İdxalçı şirkətlərdə avans probleminə hüquqi baxış

İdxalçı şirkətlərdə avans probleminə hüquqi baxış

posted in: Xəbər | 0

Sahibkarlıq hüququnun mənbəyi

Azad sahibkarlıq hüququ Azərbaycan Konstitusiyası ilə təsbit edilib (II bölmə, 59-cu maddə). Bu o deməkdir ki, hər kəsin öz imkan, qabiliyyət və əmlakından sərbəst istifadə etməklə:

  • azad sahibkarlıqla, yaxud;
  • digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququ var.

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin əsasları “Sahibkarlıq fəaliyyəti haqqında” AR qanunu ilə tənzimlənir.  Qanuna görə gəlir (mənfəət) əldə edilməsi məqsədi ilə əmlakı istifadəsi, mal satışı, işlərin görülməsi yaxud xidmət göstərilməsi sahibkarlıq fəaliyyəti sayılır.

Xarici valyuta köçürmələrinin tənzimlənməsi

Xarici ticarət fəaliyyəti sahibkarlıq fəaliyyətinin bir istiqamətidir. Təbii ki, beynəlxalq ticarətdə tərəfdaşlar, o cümlədən idxalçı şirkətlər müxtəlif xarici valyutalardan istifadə edir. Bu isə daxili iqtisadi məkanda maliyyə sabitliyinə risklər yarada bilər, belə ki, xarici valyuta köçürmələrindən sui-istifadə həmişə ehtimal ediləndir.

Beynəlxalq ticarət zamanı xarici valyuta köçürmələrinin tənzimlənməsini Mərkəzi Bank həyata keçirir. Mərkəzi Bank bu sahədə ona verilmiş səlahiyyətlər çərçivəsində xarici valyuta əməliyyatlarına nəzarəti həyata keçirir. Qanun tələblərini pozan hüquqi və fiziki şəxslər haqqında məsuliyyət tədbirlərinin görülməsi, bu nəzarətin effektivliyini təmin edən amillərdəndir.

Avans valyuta köçürmələri üzrə məsuliyyət

Şirkətlərin xarici iqtisadi fəaliyyəti zamanı avans köçürmələri həyata keçirilməsi mümkündür, belə köçürmələrin mövcudluğu təbiidir. Amma bu zaman köçürülmüş valyutanın hərəkət zəncirini də izləmək vacibdir. Əks təqdirdə məsuliyyət tədbirlərinə məruz qalmaq olar. Bu cür məsuliyyət AR İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulub. Məcəllənin 430.4-cü maddəsinə görə hüquqi və fiziki şəxslər beynəlxalq tərəfdaşlarına avans qismində pul köçürdükdə, həmin avansın taleyi ilə mütləq maraqlanmalıdırlar. Belə ki, pul köçürüldükdən sonra, 2 il ərzində:

  • həmin malların (xidmətlərin) idxalını təmin etməli, yaxud;
  • pul vəsaiti geri, ödəyənin bank hesablarına qaytarmalıdır.

Əks halda, vəsaiti köçürən hüquqi və ya fiziki şəxsə avans köçürülmüş məbləğin 20%-i həcmində cərimə tətbiq ediləcək.

Xaricə köçürülmüş avansla bağlı əməliyyat nə vaxt bitmiş sayılır?

Bu sahədə mövcud təcrübədən çıxış edərək deyə bilərik ki, bank vasitəsi ilə xaricə pul köçürmə əməliyyatı, banka aşağıdakı sənədlərdən birinin təqdim edilməsi ilə başa çatmış hesab olunur:

  • həmin malın idxalından sonra gömrük bəyannaməsi, yaxud;
  • idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd.

Tələb olunan sənəd banka idxal əməliyyatı üzrə xaricə avans məbləğini köçürmüş idxalçı şirkətlər tərəfindən təqdim edilir.

Lakin bəzən şirkətlər həmin bəyannamələri (təsdiq edici sənədi) banka təqdim etmirlər. Bu zaman qanunla müəyyən edilmiş müddətin bitməsi səbəbindən protokol tərtib edilərək məhkəməyə göndərilir. Belə hal yarandıqda işin müsbət həlli üçün gömrük bəyannaməsi vacib əhəmiyyətli sübut sayılır.

İdxal əməliyyatında vəkil xidməti

Onu da qeyd edək ki, bəzən şirkətlərdən asılı olmayan səbəblərdən də belə əməliyyatlar zamanı avans ödənişlərlə bağlı problem yaranır. Təcrübədə bankların Mərkəzi Banka təqdim etdiyi sənədlərdə müəyyən pozuntulara yol verilməsi hallarına rast gəlinir. Belə hallarda, problemin həlli üçün, idxalçı şirkətlərin peşəkar hüquqşünas və vəkillərin xidmətinə müraciət etməsinə zərurət yaradır.

Bu cür inzibati işlərdə hüquq işinin düzgün təşkili idxalçı şirkətləri əlavə cərimələr formasında maliyyə itkisindən qoruya bilər. Hüquq işinin düzgün təşkili sübutlarda olan qüsurların aşkar edilməsi, vaxtında gömrük bəyannamələrinin təqdim edilməsi, situasiyadan asılı olaraq digər tədbirləri nəzərdə tutur.

Müəllif: Peşəkar hüquqşünas / Pərviz Məmmədov