» » » Elektron xidmətlərdən vergi tutulması

Elektron xidmətlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Bəs bu ödəniş necə tutulur?

ABA-nın «Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə» ekspert qrupunun üzvü Teymur Axundov bildirmişdir ki, müştəri öz ödəniş kartı ilə xaricdən internet vasitəsilə iş və xidmət aldığı zaman bu vəsaitin cəlb edilməsi iki yolla baş verir. Bunun səbəbi müştərinin kart hesabı ilə əlaqədardır: «Əgər hesab dollardadırsa, bu proses komissiyasız baş verir.  Manatla olduqda isə konvertasiya üçün komissiya haqqı tutulur. Həmçinin manatla ödəniş edən zaman valyuta kursunun dəyişməsi müştəri üçün borc yaranmasına gətirib çıxara bilər.

Bunun səbəbini isə ödənişlərin vergiyə cəlb edilmə prosesinə baxdıqda görmək mümkündür».

Mütəxəssisin hesablamalarına görə,  müştərinin ödənişi dollar vasitəsilə edilirsə və  iş və xidmətin (məsələn, 100 dollarlıq iş və xidmətin) ifadə olunduğu valyuta ilə müştərinin kartının valyutası eynidirsə, Beynəlxalq Ödəniş Sistemləri (BÖS) (Visa, MasterCard) müştərinin kartından 100 dollar tutur, amma bank hələ bu əməliyyatı görmür. Əməliyyatı prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) görür. Bankla prosessinq mərkəzi arasında razılaşmaya əsasən Mərkəz konkret MCC kodlar (hər bir əməliyyat üzrə ödənişlər Visa, MasterCard tərəfindən müəyyən edilən kodlar üzərindən gedir. Bu kodlar MCC kodlar adlanır. Kodlarda ödənişin nəyə aid olduğu bilinir, məsələn, təhsil xidməti, səhiyyə xidməti, hər hansı mal, iş və xidmət) üzrə əməliyyatlara vergi hesablanmasını da sazlayır. Yəni müştəri 100 dollarlıq xidməti alan zaman prossesinq mərkəzinin sazlamasına uyğun kartdan 100 dollar, «+18%» tutulur. Bu məbləğ yoxdursa, əməliyyat həyata keçirilmir. Bank isə bu əməliyyatı 2-3 gün sonra görür, yəni BÖS tərəfindən ödənişin məlumatları (filebank) banka daxil olanda bank 100 dolları öz hesabına 18 dolları isə vergi hesabına, cari günün kursu ilə, manatla köçürür. Nəticədə dollar hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş =  100 dollar  +  18% vergi  =  118 dollar

Əgər  ödəniş manat vasitəsilə həyata keçirilibsə, müştəri iş və xidmət alan zaman ödənişi avtorizasiya edərək təsdiq etdikdə, həmin günün kursu ilə 100 dollar + 18% + 4%=122 dollar  (Bu təqribi rəqəmdir,  4% bankın komissiyasıdır və bankdan banka fərqlənə bilər) ekvivalentində vəsait konvertasiya olunur və kartda bloklanır. Sonradan isə dollar hesablı ödəniş üçün qeyd etdiyimiz oxşar əməliyyat burada davam edir. Əgər məlumat banka daxil olan gün kurs dəyişərsə (dolların kursu qalxarsa) və kartda bu fərqi ödəyən vəsait olmazsa, o zaman yaranan fərq müştərinin banka borcu kimi qeydə alınır. Nəticədə manat hesabı olan vergi ödəyicisi aşağıdakı miqdarda ödəniş edir:

Ümumi ödəniş = 100 dollar x əməliyyat günün məzənnəsi  +  18% vergi  +  bank komissiyası  ±  valyuta kursundakı dəyişiklik

Vergilər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında razılaşmaya əsasən, bu linkdəki siyahıda vergi tutulacaq iş və xidmətlər (MCC kodlara uyğun), eləcə də tətbiq ediləcək vergi dərəcəsi göstərilmişdir.

Xüsusi olaraq qeyd edək ki, elektron ticarətdə vergi yalnız iş və xidmətə aiddir, mal alan zaman vergi tətbiq olunmur.

Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentindən aldığımız məlumata görə, Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklər virtual məkanda ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olduqda ƏDV-ni həmin şəxs özü hesablayır və büdcəyə ödədikdən sonra Vergi Məcəlləsinin tələblərinə riayət etmək şərti ilə ödənilmiş məbləği əvəzləşdirə bilir.

Misal

Azərbaycan Respublikasının vergi orqanlarında qeydiyyatda olan «A» müəssisəsi tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentdən ay ərzində 400 000 manat məbləğində elektron qaydada xidmət alınmışdır.

Bu əməliyyatların hamısı ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlara aid olmuşdur və 18% dərəcə ilə ƏDV məbləği 72 000 (400 000*18%) manat təşkil etmişdir. Bu halda vergi ödəyicisi olan «A» müəssisəsi vergi orqanına bəyannamə təqdim etməli və həmin məbləği bəyannamənin 306,2 kodlu sətrində əks etdirməli və hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.

İşin və xidmətin alıcısı, lotereya, digər yarış və müsabiqənin iştirakçısı vergi ödəyicisi olmadıqda isə ödənişi aparan yerli bank və ya xarici bankın respublikadakı filialı ƏDV-ni hesablayaraq alıcının vəsaiti hesabına büdcəyə ödəyir, tutulmuş ƏDV isə bank və ya filial tərəfindən əvəzləşdirilmir.

Müəllif: Fəxriyyə İKRAMQIZI

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az