Sual: Vergi Məcəlləsinin 159.7. maddəsinin digər müddəalarından asılı olmayaraq, malları Əlavə Dəyər Vergisinə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə əsasən Əlavə Dəyər Vergisini əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
Mən fiziki şəxsəm və 2018 ci ildə sadələşdirilmiş ödəyiciyəm. Mal alıb satıram. Dekabr sonu könüllü ərizə verirəm ki, məni 01 yanvar 2019 cu il tarixdən Əlavə Dəyər Vergisi ödəyicisi edin.
Bilmək istərdim mən ƏDV ödəyicisi olduqdan sonra anbarımda sadələşdirilmiş dövrdə əldə etdiyim malları satıramsa mən bu mallara görə ƏDV hesablamalıyam? Yuxarıda göstərdiyim maddəni tətbiq edə bilərəmmi?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları əlavə dəyər vergisinin ödəyicilərinə aid edilir. Əlavə Dəyər Vergisi ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 175.1-ci maddəsində ƏDV-nin əvəzləşdirilməsi qaydası və şərtləri göstərilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsində qeyd edilən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-nin əvəzləşdirilməsi hüququnun olmaması və ya əvəzləşdirilməsinə qismən yol verilməsi Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələri ilə müəyyən edilir.
ƏDV-nin əvəzləşdirilməsi hüququ olmayan əməliyyatlar üzrə, yəni Vergi Məcəlləsinin 175.2-ci, 175.4-cü və 175.6-cı maddələrində göstərilən əməliyyatlar üzrə alınmış mallar təqdim edilərkən Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları tətbiq edilir. Həmçinin bildiririk ki, Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2019-cu il tarixdən Əlavə Dəyər Vergisi qeydiyyatına alındıqdan sonra apardığınız əməliyyatlar ümumi qaydada ƏDV-yə cəlb olunur.
Bax: Vergi Məcəlləsinin 156.1-ci, 159.7-ci , 175-ci maddəsi, 30 noyabr 2018-ci il tarixli, 1356-VQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Mənbə: taxes.gov.az