Bu stаndаrtda istifadə edilmiş əsas anlayışlar аşаğıdakı mənaları ifadə еdir:
Ümumi təyinatlı maliyyə hesabatları
İstifadəçilərin xüsusi informasiya tələblərini yerinə yetirmək məqsədini daşımayan hesabatlardır.
Mümkünsüz
Müəssisə, bütün mümkün cəhdləri etməsinə baxmayaraq tələbi tətbiq edə bilmədikdə, belə tələbin tətbiq edilməsi qeyri-mümkün sayılır.
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
Mühasibat Uçotu Beynəlxalq Standartları Şurası tərəfindən qəbul edilmiş standartlar və şərhlərdir. Onlar aşağıdakıları daxil edir:
(a) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları;
(b) Mühasibat Uçotunun Beynəlxalq Standartları;
(c) Maliyyə Hesabatlarının Beynəlxalq Şərhləri Komitəsi (MHBŞK); və
(d) Daimi Şərhlər Komitəsi (DŞK) tərəfindən hazırlanan şərhlər.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Əhəmiyyətlilik
Maddənin ümumiyyətlə göstərilməməsi və ya səhv göstərilməsi fərdi olaraq və ya qrup şəklində istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bildikdə əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik, mövcud olan şərtlər daxilində buraxılmış və ya səhv göstərilmiş maddənin həcmi və xarakterindən asılıdır. Maddənin həcmi və ya xarakteri və ya hər ikisi müəyyənləşdirici amil kimi çıxış edə bilər.
Buraxılışın və ya səhvin istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir etməsinin və beləliklə əhəmiyyətli hesab edilib-edilməməyinin qiymətləndirilməsi zamanı bu istifadəçilərin xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual əsasların 25-ci maddəsində “istifadəçilərin biznes, iqtisadi fəaliyyətlər və mühasibatlıq sahəsində müvafiq biliklərə malik olduğu və belə informasiyanın səylə öyrənilməsində istəkli olduğu” qeyd olunur.Buna görə də, qiymətləndirmə üçün iqtisadi qərarların qəbul edilməsi prosesində bu cür istifadəçilərin nə dərəcədə təsir altına düşə biləcəyinin nəzərə alınması tələb olunur.
Maliyyə hesabatlarına qeydlər maliyyə vəziyyəti haqqında hesabatı, mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatda təqdim edilən məlumatlara əlavə olan informasiyanı daxil edir. Qeydlər bu hesabatlarda təqdim edilmiş maddələrin açıqlanmasını və ya təhlilini və bu hesabatlarda yer almayan maddələr haqqında informasiyanı təmin edir.
Sair məcmu gəlir digər MHBS-lar tərəfindən yol verilən və ya tələb olunan mənfəət və ya zərər haqqında hesabatda tanınmayan gəlir və xərc maddələrindən (yenidən təsnifləşdirmə düzəlişləri daxil olmaqla) ibarətdir.
Digər məcmu gəlir komponentlərinə daxildir:
(a) yenidən qiymətləndirilmə üzrə ehtiyatda baş verən dəyişikliklər ( “Torpaq, tikili və avadanlıqlar “ adlı 16 №-li MUBS və “Qeyri-maddi aktivlər” adlı 38 №-li MUBS);
(b) müəyyən edilmiş mənfəət planının yenidən qiymətləndirilməsi (“İşçilərin mükafatlandırılması” adlı 19 №-li MUBS);
(c) xarici əməliyyatın maliyyə hesabatlarının tərcüməsindən yaranan mənfəət və zərər (“Xarici valyuta məzənnələrində dəyişikliklərin təsiri” adlı 21 №-li MUBS);
(d) kapital alətlərinin investisiyalarından alınan mənfəət və zərərlər “Maliyyə alətləri” adlı 9 №-li MHBS-nın 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlir vasitəsilə ədalətli dəyərlə müəyyən edilir;
(da) MHBS 9-n 4.1.2A maddəsinə əsasən məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən maliyyə aktivləri üzrə yaranan qazanc və itkilər.
(e) hedcinq alətləri üzrə mənfəət və zərərin effektiv hissəsi pul vəsaitlərinin hərəkəti hedcinqində və MHBS 9-un 5.7.5 maddəsinə uyğun olaraq digər məcmu gəlirdə əks olunan ədalətli dəyərlə ölçülən kapital alətlərinə edilən investisiyaları hedc edən hedc alətlərindən yaranan qazanc və itkilər
(f) mənfəət və zərər vasitəsilə ədalətli dəyər kimi nəzərdə tutulan xüsusi öhdəliklər üçün həmin ədalətli dəyərdə dəyişikliyin məbləği öhdəliyin kredit riskində dəyişikliklərə aiddir (“Maliyyə alətləri” adlı 9 №-li MHBS-nın 5.7.7-ə maddəsinə bax).
(g) opsion müqavilənin həqiqi və vaxt dəyərini ayırarkən və yalnız həqiqi dəyərinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə opsionun vaxt dəyərinin dəyişiklikləri (bax MHBS 9, fəsil 6); və
(h) forvard müqavilələrin forvard elementini spot elementindən ayırarkən və yalnız spot elementinin dəyişikliyini hedc aləti kimi müəyyən olunduğu təqdirdə forvard müqavilənin forvard elementinin dəyərinin dəyişiklikləri və maliyyə alətinin xarici valyutada baza spredinin maliyyə alətinin hedc aləti kimi müəyyən olunmasında istisna edilərkən onun dəyərindəki dəyişikliklər (bax MHBS 9, fəsil 6).
Sahibkarlar
Kapital kimi təsnifləşdirilən alətlərin sahibidir.
Mənfəət və ya zərər
Digər məcmu gəlirin komponentləri istisna olmaqla, mənfəətdən xərcləri çıxmaqla alınan məbləğin cəmidir.
Yenidən təsnifləşdirmə düzəlişləri
Cari və ya əvvəlki dövrlərdə digər məcmu mənfəət kimi tanınan cari dövrün mənfəət və ya zərərinə yenidən təsnifləşdirilmiş məbləğlərdir.
Ümumi məcmu gəlir
Əməliyyatlar və digər hadisələr nəticəsində yaranan dövr ərzində kapitalda, sahibkar qismində sahibkarlarla olan əməliyyatların nəticəsində yaranan dəyişikliklər istisna olmaqla baş verən dəyişiklikdir.
Ümumi məcmu gəlir mənfəət və ya zərər və digər məcmu gəlirin bütün komponentlərindən ibarətdir.
Bu Standartda ‘sair məcmu gəlir’ ,” mənfəət və ya zərər ” və ” ümumi məcmu gəlir ” anlayışlarının istifadə edilməsinə baxmayaraq, müəssisə, fəaliyyət nəticələrini daha aydın təsvir etmək üçün digər anlayışlardan istifadə edə bilər. Məsələn, müəssisə mənfəət və ya zərəri açıqlamaq üçün ‘xalis gəlir’ anlayışını istifadə edə bilər.
Aşağıdakı şərtlər “Maliyyə Alətləri: Təqdimat” adlı 32 №-li MUBS-da təsvir edilir və hazırkı Standartda 32 №-li MUBS müəyyən edilmiş məna ilə istifadə edilir:
(a) maliyyə aləti kapital aləti kimi təsnifləşdirilmiş qaytarıla bilən maliyyə aləti (32 №-li MUBS 16A və 16B maddələrində təsvir olunub);
(b) alət müəssisənin başqa bir tərəfə, yalnız ləğv edilməsi üzrə müəssisənin xalis aktivlərinin proporsional payını çatdırmaq öhdəliyi qoyur ki, bu da kapital aləti (bax 32 №-li BMS 32 maddələr 16C və 16D ) kimi təsnif edilir.
MHBS-nın anlayışı 2010-cu ildə MHBS Fondunun Əsasnaməsində aparılmış dəyişiklərlə əlaqədar olaraq təkmilləşdirilmişdir.
2010-cu ilin sentyabr ayında MUBS Komətəsi tərəfindən Əsaslar “Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi haqqında Konseptual Əsasları” ilə əvəz edilmişdir. Konseptual Əsasların 25-ci maddəsi Əsasların 3-cü hissəsini əvəz edir.
Leave a Reply