» » » Avtonəqliyyat xidməti göstərən şəxslərin vergi öhdəlikləri

Avtonəqliyyat xidməti göstərən şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri hər ay üçün vergi ödəməlidirlər. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar. Bu şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyektidir və sözügedən vergi cədvəldəki kimi müəyyən olunmuşdur:

Daşınma növü Ölçü vahidi Verginin aylıq məbləği
Sərnişin daşınması ( taksi istisna olmaqla ), oturacaq yerlərinin sayına görə 1 oturacaq üçün yer 1,8 manat
Taksi ilə sərnişin daşınması 1 ədəq nəqliyyat vasitəsi üçün 9 manat
Yük daşınması Yük götürmə qabiliyyəti üçün (hər tona) 1 manat

Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçirildiyi ərazidən asılı olaraq, cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq olunmaqla müəyyən edilir. Daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla yaşayış məntəqələri arasında həyata keçirildikdə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) 1,0 əmsal tətbiq edilir.

Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.

Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti həmin nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə, bu göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.

Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal: Oturacaqlarının sayı 17 olan mikroavtobusla Bakı şəhərində sərnişin daşımasını həyata keçirirsiniz. Bu zaman ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Oturacaqların sayı 17 olduğu halda, sadələşdirilmiş verginin aylıq məbləği 17 x 1,8 = 30,6 manat olacaq və sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 30,6 x 2= 61,2 manat olacaqdır.

Vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadələşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır. Artıq taksi fəaliyyəti üçün lisenziya və fərqlənmə nişanı «ASAN xidmət» tərəfindən verilir. Bu yenilik Prezident İlham Əliyevin imzaladığı «Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında» fərmanda öz əksini tapıb. Fərmana əsasən, «ASAN xidmət»in göstərdiyi xidmətlərin sırasına taksi fəaliyyəti üçün xüsusi razılıq (lisenziya), eləcə də taksi avtomobillərinə «Fərqlənmə nişanı»nın verilməsi əlavə edilib. Həmçinin, Nəqliyyat Nazirliyinə tapşırılıb ki, taksilərə lisenziya və «Fərqlənmə nişanı»nın verilməsi xidmətlərinin «ASAN xidmət» mərkəzlərində həyata keçirilməsini təmin etsin.

«Fərqlənmə nişanı» vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraq verilir. Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq, geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən «Fərqlənmə nişanı»nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyır. Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə, sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən «Xüsusi fərqlənmə nişanı» alınır. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı 1 iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.

Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Mərkəzi Bankın, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün «Fərqlənmə nişanı» və ya «Xüsusi fərqlənmə nişanı» alınmır. «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Müəllif: Rəşad Sadıqov

www.vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az