İşəgötürən tərəfindən işçilərin əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır.
İşəgötürən tərəfindən Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq muzdla işləyən fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlayaraq onun əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirləri 2500 manatadək olduqda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan və ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2018-ci il üzrə 173 manat) azaldılır və qalan hissədən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq 14 faiz, 2500 manatdan çox olduqda isə 2500 manata qədər olan hissədən 14 faiz, yəni 350 manat və 2500 manatdan çox olan hissədən 25 faiz dərəcə ilə ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulur və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Ödənilmiş vergilər «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə ƏDV və sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən isə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməlidir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Xidməti müqavilə ilə işləyənlərdən vergilərin hesablanması
Vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə ona edilən ödənişlər ödəmə mənbəyində vergiyə cəlb olunmur. Bu zaman gəliri əldə edən fiziki şəxs tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri özü müstəqil hesablayıb bəyan etməklə dövlət büdcəsinə ödəyir.
Vergi ödəyicisi olan işəgötürən tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslə Mülki Məcəllənin müddəalarına uyğun olaraq mülki-hüquqi müqavilə bağlanarkən həmin xidmətlərə görə edilən ödənişlərdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt (2018-ci il üzrə 173 manat) nəzərə alınmadan ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd edilən vergi dərəcələrinə uyğun gəlir vergisi hesablanıb, «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi» ilə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməli və həmin müddətədək büdcəyə ödəməlidir.
Mövzunu şərh edən hüquqşünas Rövşən Rəhimovun sözlərinə görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin fiziki şəxslərdən tutulan gəlir vergisi üzrə azadolmalar üzrə maddələri sosial siyasətin əsas istiqamətlərinin göstəricisidir. Məcəllənin 102-ci maddəsində xeyli sayda güzəşt və azadolmalar nəzərə alınmışdır ki, onlardan da bir hissəsi fiziki qüsurlu ölkə vətəndaşlarının sosial müdafisənin təşkilində mühüm çəkiyə malikdir: Fiziki şəxslərin bir sıra gəlirləri gəlir vergisindən azaddır. Bu siyahıya rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gələn gəliri, Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəliri, əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işəgötürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə, təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və mirasları, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsini əlavə etmək olar. Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar, alimentlər, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi, eləcə də qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır.
Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər, sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri, fiziki şəxslərə kompensasiya xarakterli ödəmələr də bu qəbildəndir.
Bu güzəştlər həmçinin fiziki cəhətdən qüsurlu, gəlir əldə edən fiziki şəxslərə də tətbir edilir. Məcəllənin müvadiq maddələri ilə bu cür şəxslər-əlilllər iki kateqoriyaya bölünməklə ayrı-ayrılıqda güzəştlərlə qorunur. Bunlara müharibə zamanı əlliliyə məruz qalmış şəxslər və bütün digər səbəblərdən əlil olmuş şəxslər aiddir. Ölkəmizin azadlığı uğrunda döyüşlərdə əlil olmuş şəxslərin əldə etdiyi ümumi gəlirlərinin (dərəcəsindən asılı olmayaraq) hər ay 400 manat məbləğində hissəsi gəlir vergisindən azad edilir. Əvvəllər bu güzəşt yalnız I və II qrup müharibə əlillərinə nəzərdə tutulsa da , sonra aparılan sosial siyasətin dahda dərinləşməsi, dövlət büdcəsinin sosial yönümlü inkişafı istiqamətində görülən işlər çərçivəsində bu güzəşt bütün dərəcəli müharibə əlillərinə tətbiq olunmağa başladı. Digər qrup əlillər üçün müvafiq qaydada – Məcəllənin 102.3 maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılmaqla güzəşt tətbiq edilir. Bu şəxslərin qeyd olunan güzəşt hüquqlarının və Azərbaycan Respublikasının milli qəhrəman adının alınması üçün tətbiq olunan güzəştin hər eyni anda hər üçü olduqda o halda güzəştlərin məbləğcə ən böyüyü tətbiq olunur.
Vergi Məcəlləsinin 102.7. maddəsinə uyğun olaraq, fiziki şəxsin bu Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. 102.8.-ci maddəyə əsasən isə əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.
Mənbə: vergiler.az